Qarabağın işğalından sonra doğma yurdundan didərgin düşmüş vətəndaşlarımız Qələbə gününü 30 ildir ki, səbirsizliklə gözləyirdilər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsini verdikdən sonra məcburi köçkünlər öz evlərinə qayıtmaq üçün hazırlıq işlərinə başlayıblar.
Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı ən yaxın zamanda evlərinə və doğma torpaqlarına geri dönəcək vətəndaşlarımız haqqında layihə fotoreportaj hazırlayıb.
Onlar evlərinin açarlarını və çıxarışlarını, saatlarını, şəkillərini, doğmalarının məzarından götürdükləri torpaqları 30 ilə yaxındır ki saxlayırlar.
Həmin layihədən bir neçə hekayəni təqdim edirik:
Səfquliyeva Bəsti Nəbi qızı - 78 yaş. Laçın rayonu, Qarakeşiş kəndi. Öz kəndlərindəki evlərinin açarını 28 ildir ki, saxlayır.
Hacıyeva Gözəl Eldar qızı - 57 yaş. Füzuli rayonu, Füzuli şəhəri. 27 ildir ki, evlərinin açarını saxlayır.
Hümbətova Vəzifə Musa qızı - 80 yaş. Cəbrayıl rayonu, Horovlu kəndi. Qaçqın düşərkən sadəcə oğlu Şükranın əsgərlik albomunu özü ilə götürüb və 27 ildir ki, saxlayır.
Məmmədova Kəmalə Səttar qızı - 43 yaş. Cəbrayıl rayonu, Horovlu kəndi. Nənəsinin toxuduğu 100 yaşlı kilimi hələ də saxlayır.
Qarayeva Mahilə Bəhrəm qızı - 61 yaş. Ağdam rayonu, İsmayılbəyli kəndi. Kənddəki evinin açarını qaçqın düşərkən özü ilə götürüb. Kəndlərinin azad ediləcəyi günü səbirsizliklə gözləyirdi və indi evlərinə qayıtmağı səbirsizliklə gözləyir.
Mehdiyeva Güləndam Sabir qızı. Cəbrayıl rayonu, Mərzə kəndi. Anası Eyvazova Solmaz 1992-ci ildə bu xalçanı toxuyub. Qaçqın düşərkən təkcə həmin xalçanı götürə bilib. Xalçanı almaq istəsələr də ailə bu dəyərli əşyanı satmayıb.








