RU
Üç nəhəng Bakıya yeni təkliflər hazırlayır
12:13
2207

Üç nəhəng Bakıya yeni təkliflər hazırlayır

İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfərə hazırlaşır. Bu səfər Bakıda birmənalı qarşılanmayıb, Moskvada isə çox ciddi gözləntilərə və narazılığa səbəb olub.
İş ondadır ki, İran Ermənistana satdığı təbii qazın həcmini 2018-ci ilədək 3 dəfə artıraraq sutkada 1 milyon barreldən 3 milyon barrelə çatdırmaq niyyətindədir. İranın neft naziri Bican Zəngane deyib: "Ermənistan o qədər də böyük olmayan təbii qaz istehlakçısı olsa da, İran qazının ixracı üçün önəmli yollar açar bilər".

 

İran Ermənistandan təbii qazını haraya satmaq niyyətindədir - açıqlamır. Azərbaycanın bu qaza ehtiyacı yoxdur və olsa belə, Ermənistandan, təbii ki, qaz alası deyil. Qonşu Gürcüstan da Azərbaycandan qaz alır, üstəlik "mavi yanacağ"ın o qədər də böyük olmayan istehlakçısıdır. 
Bu baxımdan aydındır ki, İran üçün ən böyük və ən sərfəli bazar Avropa Birliyidir.
Məhz bu səbəbdən İran ermənilərə satdığı təbii qazın həcmini artırır.
Lakin İranla Ermənistanın birgə manevrlərini Rusiyanın "Qazprom" şirkəti çox böyük narazılıqla qarşılayaraq diqqətlə izləyir. Rusiyanın təbii qaz inhisarçısı Ermənistanda qazın paylanması və satışı şəbəkəsinə tam nəzarət edir, yerli bazada İranın qismində güclü rəqibin peyda olmasında da maraqlı deyil.

Bundan başqa, Avropanın təbii qaz bazarında İranın ciddi "oyunçu" qismində əməliyyatlara başlaması da "Qazprom" üçün hadisələrin ən pis inkişaf variantlarından biridir.
Ermənistanla kompromislər və güzəştlər hesabına Avropa bazarlarına çıxmağa çalışan İranın qarşısını Rusiya kəsmək istəyir. Daha doğrusu, Moskva bu niyyətdədir.

Rusiya bu günlərdə İrana çox yumşaq, diplomatik dildə mesaj yollayaraq səylərini və cəhdlərini Fars Körfəzi istiqamətinə yönəltməyi, qazı orada satmağı, Avropa Birliyi bazarları ideyasından əl çəkməyi məsləhət görüb.
ABŞ, Türkiyə, Avropa Birliyi ilə yanaşı, Fars Körfəzi ölkələri, habelə Əlcəzair də bu baxımdan Rusiya ilə faktiki eyni mövqeyi tuturlar.

Ölkələr, səbəblər fərqli olsa da, maraqlar eynidir.
Avropa Birliyi təbii qaz təminatı baxımından Rusiyanın "Qazprom" şirkətindən asılılığını azaltmağa, təminat mənbələrini çoxaltmağa və diversifikasiya etməyə çalışsa da, İranla əlaqələrə ehtiyatla yanaşır.
ABŞ, Əlcəzair və Rusiya Avropa ölkələrinə təbii qaz, o cümlədən maye qaz satıcıları olduğundan yeni, güclü rəqibin bazarda yer tutmasını istəmirlər.
Fars Körfəzi ölkələri isə İranın mövqelərinin daha da möhkəmlənməsinə qarşıdırlar və bu, illərdən bəri davam edən, rutin prosesdir.
Sadalananları nəzərə alsaq, Azərbaycan yeni oyunda çox önəmli mövqelər qazanır, çünki ölkəmiz həm Avropa Birliyinə alternativ marşrutlarla qaz satan dövlətdir, həm də İranın Avropaya çıxışında nəqliyyat qovşağı oynayan məkandır.
Ona görə çox yaxın vaxtlarda ABŞ, Avropa Birliyi, Fars Körfəzi ölkələri ilə yanaşı, Rusiya və İranın Azərbaycanla yeni, intensiv danışıqlara başlayacağı şübhəsizdir.

 

Bakı isə bu danışıqlardan mütləq şəkildə uduşlu çıxasıdır: ən azı, ona görə ki, Avropa Birliyinə satdığımız və bundan sonra satacağımız təbii qazımız, ABŞ ilə danışıqlarla şərt kimi irəli sürüləcək konstruktiv təkliflərimiz, Fars Körfəzi ölkələrini maraqlandıracaq variantlar, İran və Rusiya ilə tərəfdaşlıq barədə anlaşmalarımız var.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ