“Gənclər ölkənin və millətin gələcəyi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır.
Ona görə də cəmiyyətin tərəqqisi dövlətin gənclər siyasətinin düzgün müəyyənləşdirilməsindən və həyata keçirilməsindən bilavasitə asılıdır”.
Bu fikirləri 7News.Az-a açıqlamasında AMEA Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu deyib.
O bildirib ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabərhüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar: “Məhz bu reallığı nəzərə alaraq Azərbaycanın dövlət siyasətində gənc alimlərlə bağlı siyasət prioritet sahələrdən biri kimi diqqətə alınır. Gənclərin elmi potensialının artırılması, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların, elmi nailiyyətlərin və müasir texnologiyaların tətbiqi işinin kəmiyyət və keyfiyyətinin yüksəlməsi, bu fəaliyyətlərin dünyaya çıxması, gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülməkdə olan işlər gənc alimlərlə bağlı dövlət siyasətinin özəyini təşkil edir. Bu siyasətin gerçəkləşməsində dövlətin və dövlət başçısının hər sahədə olduğu kimi, elm və təhsil sahəsində də gənc alimlərə qayğıyla yanaşması konkret nəticələrin əldə olunmasında mühüm rola malikdir.
Bu gün gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində onların yeni mənzillərlə təmin olunacağı bu gerçəkliklərdəndir. Eyni zamanda gənc alimlərin xarici ölkələrdə ixtisaslarının təkmilləşdirilməsi, xaricdə təhsil alıb qayıtdıqdan sonra işlə təmin olunması, elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardandır.








