RU
Cəbhəyə qan lazımdır?
13:20
1040

Cəbhəyə qan lazımdır?

"Döyüş şəraiti üçün tələb olunan qan ehtiyatı lazımınca təmin edilir".

Ötən gündən etibarən sosial şəbəkələrdə insanları cəbhədə yaralananlara qan verməyə edilən çağırışlar barədə paylaşımlar həqiqətə uyğun deyil. Bunu ans press-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib:

Onun sözlərinə görə, Qan Bankında kifayət qədər qan ehtiyatı var. "İstənilən qanı verə bilirik. Yayılan məlumatlar yanlışdır. Bundan başqa, cəbhədə yaranmış gərgin vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışır. Döyüş sahələrində olan bütün xəstəxanalar onsuz da lazımı tibbi avadanlıqlarla təchiz olunmuşdu. İndi daha güclü nəzarətdə saxlanılır. Ümumiyyətlə, təmas xəttində gedən vəziyyəti səhiyyə naziri şəxsən nəzarətdə saxlayır”, - deyə qurum rəsmisi qeyd edib.

Mərkəzi Qan Bankından da ans press-ə verilən məlumatlda sosial şəbəkələrdə yayılan xəbərlərin yanlış olduğu açıqlanıb. "Ölkə gündəmini cəbhədən gələn xəbərlər tutduğu bir zamanda dövlətimizin bir sıra strukturları kimi Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı da gərgin iş rejimində çalışıb. Həmin gün Mərkəzi Qan Bankının Bərdə bölməsindən Tərtər Rayon Mərkəzi Xəstəxanasına, Sarıcallı hospitalına, Naftalan hospitalına və Bərdə Rayon Xəstəxanasına kifayət qədər qan ehtiyatı göndərilib. Aprelin 3-də isə Mərkəzi Qan Bankının Şəki bölməsindən də hər cür ehtiyacların qarşılanması üçün cəbhə bölgələrinə yaxın xəstəxanalara lazımi qədər qan tədarük edilib", - deyə Mərkəzi Qan Bankından bildiriblər.

Bundan başqa, qurumdan qeyd olundu ki, döyüş şəraiti üçün tələb olunan qan ehtiyatı lazımınca təmin edilir. "Mərkəzi Qan Bankının qan ehtiyatlarının tükənmə riski olarsa, ölkə ictimaiyyətinə bununla bağlı rəsmi müraciət ünvanlanacaq, çağırış ediləcək".

Qeyd edık ki, ötən gündən cəbhə xəttində baş verən hadisələr ilə əlaqədar sosial şəbəkələrdə yaralı əsgərlərimizə təcili qan lazım olduğu barədə paylaşımlar edilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ