RU
Cəmil Çiçək: İlham Əliyev olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmayacaqdı
17:55
619

Cəmil Çiçək: İlham Əliyev olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmayacaqdı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, baş nazirin sabiq müavini Çəmil Çiçək Ölkə.Az xəbər portalına müsahibə verib. 

7news.Az həmin müsahibəni oxuculara təqdim edir:

– Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirilib. Bunun əhəmiyyətini necə qiymətləndirirsiniz? 

– İlk növbədə qeyd edim ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun inkişafı, sülh və əmin-amanlığı baxımından əsrin uğurlu layihəsidir. Burada ən vacib və uğurlu addım cənab İlham Əliyev tərəfindən atılıb. Çünki prezident İlham Əliyev olmasaydı, onun istəyi ilə Gürcüstana yardım edilməsəydi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşa bilməzdi. Bu layihə Asiyanı Avropaya bağlayacaq ən uğurlu addımdır. İnşallah, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tarixi "İpək yolu” üzərində yerləşən ölkələrin Türkiyə ilə əlaqələrini daha da birləşdirəcək, bölgənin inkişafına və insanların rahatlığına böyük imkanlar yaradacaq. Bu layihənin reallaşmasında əməyi olan hər bir kəsə təşəkkür edirəm.

Eyni zamanda, onu deyim ki, Azərbaycan və Türkiyə dost və qardaş xalqlardır. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dost və qardaş olan dövlət yoxdur. Türkiyə və Azərbaycan prezidentləri də bir-biri ilə səmimi dost və qardaşdırlar. Bəlkə də, buna görədir ki, dünyanın bəzi dövlətləri bu dostluqdan, qardaşlıqdan böyük paxıllıq hissi keçirirlər. Onlar Azərbaycan və Türkiyənin bir-birinə bu qədər mehriban, dost, qardaş olmasını istəmirlər. Əgər həmin dövlətlər və dairələr bundan narahat olurlarsa, olsunlar. Biz kimlərəsə görə öz dostluğumuzu, qardaşlığımızı pozmarıq. Bizim Azərbaycanla olan münasibətlərimizin arxasında hər hansı maddi maraqlar deyil, qardaşlıq dayanır. Bu, açıq və birmənalı olaraq belədir. Hər kəs də bunu belə anlasın. 

Azərbaycanı narahat edən və ya sevindirən hər bir məsələ Türkiyəni narahat edər və ya sevindirər. Bu mənada, Türkiyənin dünyada yaxından dostluq və qardaşlıq etdiyi bir neçə dövlət var ki, onların da başında Azərbaycan və Pakistan gəlir. Pakistan da Azərbaycan kimi, hər zaman Türkiyənin yanında olub. Arzum odur ki, bu cür münasibətlər digər ölkələr üçün də örnək olsun və qardaşlığımız daha da genişlənsin. Bir daha bəyan edirəm ki, Türkiyənin Azərbaycan və Türk dünyası ilə əlaqələrinin kökündə səmimiyyət və qardaşlıq dayanır. Yəni, biz Azərbaycanla neft-qazı olduğu üçün əlaqə qurmamışıq. Biz Azərbaycanı öz qardaşımız bildiyimiz üçün sevirik. Əminəm ki, Azərbaycan da eyni cür düşünür.   

– Ermənistan tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşmasını çox həsədlə qarşılayıb. Necə düşünürsünüz, işğalçı Ermənistan dövləti də bu layihədə iştirak edə bilərdimi?

– Çox təəssüf ki, Ermənistan hakimiyyətinin illərdir apardığı işğalçılıq siyasəti ölkəni bu cür böyük layihələrdən kənarda saxlayır. Bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti hələ də ağıllanmayıb. Ermənistan haqsız və qanunsuz olaraq, Azərbaycanın tarixi ərazilərini işğal edib. Bu işğalçı siyasətin ağır bədəlini isə Ermənistan əhalisi ödəyir. Son onilliklərdə Ermənistan çox böyük layihələri və vəsaitləri itirib. Əgər Ermənistan hakimiyyəti ağıllı addımlar atıb, işğalçılıq siyasətinə son qoysaydı, işğal etdiyi Azərbaycan torpaqlarından çıxsaydı, o zaman Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Ermənistandan keçərdi. O zaman Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də daha ucuz qiymətə başa gələrdi. Belə olsaydı, o zaman Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin sərnişinləri Ermənistandan keçəcəkdi. Amma çox təəssüf ki, Ermənistan hakimiyyəti yaranan bu şanslardan istifadə etmək istəmədi. Əvəzində isə bu imkanlardan qonşu Gürcüstan dövləti yararlandı. Ermənistanın itirdikləri təkcə bununla bitmir. Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə görə böyük vəsaitlər itirir və bundan sonra da itirəcək. Zənnimcə, Ermənistan ağıllı hərəkət edib, işğala son qoymalıdır. Əks halda Ermənistan hakimiyyətinin işğalçılıq siyasətinin əvəzini erməni əhalisi çox ağır ödəyir. 

– Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların indiki səviyyəsini necə qiymətləndirirsiniz?

– Mən hər zaman demişəm və indi də təkrar edirəm. Dağlıq Qarabağ problemi beynəlxalq ictimaiyyətin üz qarasıdır. Çünki bu münaqişənin günahkarı və qurbanı hər kəsə məlumdur. Ermənistan dünyanın gözü qarşısında Azərbaycan ərazilərini işğal edib. Bununla bağlı BMT-nin  qəbul etdiyi qərarlar var. Ancaq həmin qərarlar 20 ildən çoxdur ki, icra edilmir. Necə olur ki, dünyanın bir sıra yerlərində BMT-nin qəbul etdiyi qərarlar bir neçə saat ərzində icra olunur. Amma Azərbaycana gəldikdə isə bu, 20 ildən çoxdur ki, icrasız qalır. Bunun nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsi dünyanın ən uzun müddət davam edən probleminə çevrilib. Çox təəssüf ki, beynəlxalq təşkilatlar Azərbaycanın tapdalanmış hüquqlarının bərpasına dəstək vermirlər. Bu münaqişənin hələ də davam etməsi beynəlxalq təşkilatların adına utanc gətirir.  

– Bu yaxınlarda Qərbin ayrı-ayrı dairələri tərəfindən Azərbaycanın Avropa Şurasından çıxması məsələsi gündəmə gətirilib. Oxşar hallarla Azərbaycandan öncə Türkiyə də qarşılaşıb. Bu cür addımlara qarşı necə hərəkət etmək doğru olardı? 

– Bilirsiniz, artıq biz bunlara öyrəşmişik. Avropa dairələri tərəfindən bizlərə qarşı qəbul edilən ikili standartlı qərarlar ilk deyil. Biz də səbr və təmkinlə bu ədalətsizliyə qarşı mübarizə aparırıq. Bu məsələ ilə bağlı Türkiyə və Azərbaycan doğru yolda gedir. Təbii ki, bütün bunlardan narahat olan dairələr mövcuddur. Onlar bu cür yollarla Azərbaycan və Türkiyəyə təzyiq etməyə çalışırlar. Ancaq biz də bu cür halları soyuqanlı şəkildə dəyərləndirib, səbr və təmkinlə yolumuza davam etməliyik. Bu məsələdə də Türkiyə-Azərbaycan birliyi öz sözünü deyir. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ