RU
“Cənab Prezident, əlimizdən gələni əsirgəməyəcəyik”
23:37
896

“Cənab Prezident, əlimizdən gələni əsirgəməyəcəyik”

Azərbaycanın birinci xanımı 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında iştirak edib.

Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda çıxış edib:

“İlk növbədə, cənab Prezident, bizə göstərdiyiniz yüksək etimada görə Təşkilat Komitəsinin bütün üzvləri adından Sizə dərin minnətdarlığımı çatdırıram. Sizi əmin edirəm ki, Təşkilat Komitəsi IV İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Biz çalışacağıq ki, Sizin və Azərbaycan xalqının yüksək etimadını doğruldaq və Oyunlar ən yüksək səviyyədə keçirilsin”.

Birinci xanım IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı hazırlıq işlərindən danışıb:

“Əvvəlcədən deməliyəm ki, Oyunların keçirilməsinə müəyyən vaxtın olduğunu və bir çox danışıqların davam etdiyini nəzərə alaraq, bu gün səsləndirilən göstəricilər dəyişə bilər.

IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin may ayında keçirilməsi nəzərdə tutulur. Bu Oyunlarda 57 İslam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır. Yarışlara 5 mindən çox idmançının qatılacağı nəzərdə tutulmuşdur. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və sair daxildir.

IV İslam Həmrəylik Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir. Yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək. Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur”.

Mehriban Əliyeva bildirib ki, IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcək:

“Qeyd etmək lazımdır ki, qarşıda duran məsələlərdən biri də qısa müddət ərzində açılış və bağlanış mərasimlərinin ideyasının formalaşdırılması, texniki məsələlərin həlli, o cümlədən medalların və loqotipin eskiz layihələrinin və dizaynının hazırlanması işlərinin başlanmasıdır. Bu mötəbər idman yarışlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində də işlər görülür. Oyunlar keçiriləcəyi müddətdə Azərbaycana gələcək çoxsaylı idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakıda və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Bu sahədə heç bir problem gözlənilmir.

İslam Həmrəylik Oyunlarında gənclərin könüllü qismində cəlb edilməsi geniş yer tutacaq. Cənab Prezident, Siz qeyd etdiniz ki, birinci Avropa Oyunları zamanı Azərbaycan gəncləri, könüllüləri öz bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirdilər. Bütün qonaqlar dəfələrlə bizim gənclərin peşəkarlığı, vətənsevərliyi haqqında danışırdılar. Əlbəttə, İslam Həmrəylik Oyunlarının təşkilati işlərində könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulur. İlkin hesablamalara görə, Oyunlara təxminən 10 min nəfər könüllü cəlb ediləcəkdir”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ