"Nə oğurladığımız yadımda deyil".
Şirvanda oğurluq hadisəsi qeydə alınıb. 19 yaşlı Şirvan sakini, Zahid Abbasov 11 sentyabr 2015-ci il tarixdə qohumu Elçin Əliyevlə birlikdə Şirvan sakini Roman Yaqubovun evinə daxil olublar. Həmin evdən dəyəri 2500 manat olan iki ədəd qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, üzərində brilliant qaşları olan 2000 manat dəyərində bir ədəd qızıl boyunbağı, 150 manat dəyərində qızıl qolbaq, 400 manatlıq qızıl kişi üzüyü, 500 manat dəyərində brilliant qaşlı qızıl qadın üzüyü və bir ədəd brilliant qaşlı 200 manat dəyərində qızıl qadın üzüyünü götürərək Roman Yaqubova 5750 manat dəyərində maddi zərər vurublar.
Bundan başqa qohumlar 7 dekabrda Şirvan sakini Mehriban Qurbanovaya məxsus gözəllik salonuna daxil olaraq salondan ümumi dəyəri 606 manat olan müxtəlif cür əşyalar oğurlayaraq qaçıblar.
İki xalaoğlunun cinayət əməlləri bununla da bitmir. Belə ki, onlar 14 dekabrda Elşən Muradova məxsus yaşayış evinə daxil olaraq həmin evdən 1 ədəd DVD aparatını, 100 ədəd diski, 1 dəst qab-qacaq dəstini gizli talayaraq ev sahibinə 175 manat miqdarda maddi ziyan vurublar.
"Nə oğurladığımız tam yadımda deyil, hamısını satmışıq. Axşam idi, dükana girmək istəyirdik, polis gəlib tutdu bizi. Etiraf etməliyik də girdiyimiz yerləri. Elədiyimizi boynumuza alırıq. İmkansızlığa görə eləmişik".
Ümumilikdə, qohumlar vətəndaşlara 6530 manat dəyərində maddi ziyan vurublar. Saxlanılan xalaoğlular dindirilmə zamanı gülməklərindən də qalmayıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır./regiontv
7news.az








