ABŞ-nin CNN televiziyası prezident Donald Trampın son mətbuat konfransında səsləndirdiyi bəzi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, telekanalın fakt yoxlama qrupu tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla bağlı gündəm və xarici siyasət məsələləri üzrə əvvəllər təkzib edilmiş bəzi iddiaları yenidən səsləndirib.
Hesabata görə, Trampın ABŞ-İsrail–İran münaqişəsi zamanı ABŞ təyyarələrinin əksəriyyətinin "dost atəşi” nəticəsində itirildiyi və bəzi təyyarələrin İran tərəfindən vurulduğu ilə bağlı açıqlaması doğru deyil.
Bundan əlavə, Trampın 2000-ci ildə nəşr olunan "Layiq olduğumuz Amerika” kitabında Əl-Qaidə lideri Üsamə bin Ladenin öldürülməsinə çağırış etdiyi iddiasının da həqiqətə uyğun olmadığı vurğulanıb. Bildirilib ki, sözügedən kitabda bin Ladenə yalnız qısa şəkildə toxunulub.
CNN həmçinin Trampın "8 müharibənin bitməsi” ilə bağlı fikirlərinin dəqiq olmadığını qeyd edib. Hesabatda bildirilib ki, həmin münaqişələrin bir qismi nə müharibə statusunda olub, nə də faktiki olaraq başa çatıb.
Eyni zamanda, Trampın Venesuela prezidenti Nikolas Maduronun ABŞ-yə çoxsaylı məhbus göndərdiyi barədə iddiasının da sübuta yetirilmədiyi bildirilib.








