“Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır. Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, Ermənsitanın təxribatları təkrarlanmayacaq. Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır”.
Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu haqda danışan prezident İlham Əliyev bildirdi ki, qatıldığı bütün beynəlxalq tədbirlərdə bu məsələni qaldırıb və orada iştirak edən dövlət və hökumət başçıları bir daha həqiqətləri eşidiblər.
“Biz həmişə demişik və deyirik, bunun başqa yolu yoxdur. Məsələ mərhələli yolla həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İkinci erməni dövləti yaradıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilə bilməz. Bunu artıq beynəlxalq ictimaiyyət qəbul edir. Əvvəlki dövrlərdə biz başqa fikirlər eşidirdik. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bəzi hallarda beynəlxalq hüquq, BMT-nin qətnamələri kənarda qalırdı və Dağlıq Qarabağın gələcəyi ilə bağlı həqiqətə, o cümlədən tarixi həqiqətə uyğun olmayan müxtəlif təkliflər irəli sürülürdü. Bütün bunlar artıq keçmişdə qaldı”.
Ardınca ölkə iqtidadiyyatına toxunan dövlət başçısı, ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulduğunu və ölkəmizin sərmayə qoyuluşu üçün cəlbedici dövlət olduğunu bildirdi. 6 ay ərzində 78 min daimi iş yeri açıldığını, bununla belə özəl sektorun nümayəndələrinə işçilərini işdən çıxarmamağa dəvət etdi. Zəbt olunan torpaqlara toxunan prezident artıq bununla bağlı göstəriş verildiyini qeyd etdi.
“Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır”.
Sosial mənzillərin inşası prosesinin artıq başladığını deyən ölkə başçısı bildirdi ki, bu həm də yerli inşaat materialları sektorunu da canlandıracaq.
“Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək. Çünki inşaat sektorunda çox böyük geriləmə var və iş yerlərinin itirilməsi də məhz inşaat sektorunda baş vermişdir. Bu, uzunmüddətli bir layihədir. Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti bu il başlayır və davam edəcək. Ona görə bütün inşaat materialları Azərbaycanda istehsal olunmalıdır. Onların böyük hissəsi istehsal olunur. Ancaq indi həcm, tələbat artacaq. Özəl sektor da hazır olsun və öz işlərini elə qursun ki, bizim bu inkişaf planlarımızı təmin edə bilsin. Yoxsa, belə olmasa, onda biz gərək inşaat materiallarını xaricdən alaq. Ona da əlbəttə ki, biz getmək istəmirik”.
Prezident həmçinin bölgələrdə yaşayan xanımların işlə təminatına toxunaraq qeyd etdi ki, artıq bölgələrdə xalçaçılığın inkişafı üçün xüsusui yerlər ayrılacaq.
“Prezident Administrasiyasına göstəriş verilib ki, müxtəlif bölgələrdə yerlər ayrılsın və xalçaçılıqla məşğul olanlar orada işləsinlər. Göstəriş artıq icra edilir. Dövlət tərəfindən bütün lazımi avadanlıqlar, dəzgahlar təmin edilir və ediləcək. Birinci mərhələdə min və ondan sonrakı mərhələlərdə 5 min iş yeri açılacaq. Həm məşğulluq təmin olunacaq, xüsusilə nəzərə alsaq ki, daha çox qadınlar bu işlərlə – toxuculuqla, xalçaçılıqla məşğuldurlar. Biz qadınları işlə təmin edəcəyik və həm də ixrac məhsulu yaranacaq”.
Kənd təsərüfatına dövlətin xüsusi önəm verdiyi deyən dövlət başçsı fermerlərə hər cür şəraitin bundan sonra da göstəriləcəyini qeyd etdi.
“Yəni, dövlət hər şey edir. Hansı başqa ölkədə fermerlərə bu qədər dəstək göstərilir?! Fermerlər vergilərdən ancaq torpaq vergisi verirlər, bütün başqa vergilərdən azaddırlar. Yəni, ikinci belə ölkə tapmaq mümkün deyil ki, dövlət bu qədər dəstək göstərir. Əlbəttə ki, biz nəticə gözləyirik. Nəticə də elə fermerlərin xeyridir. Qoy, onlar daha da yaxşı yaşasınlar, daha da çox pul qazansınlar, iş görsünlər, investisiya qoysunlar və ixrac potensialımızı artırsınlar. Əminəm ki, biz bu yolla Azərbaycanı müasir kənd təsərrüfatı məhsullarının ixracını təşkil edən bir ölkə kimi dünyada təqdim edəcəyik”.
İctimai xidmətlər sahəsində Asan Xidməti bir inqilab adlandıran ölkə başçısı artıq yeni bir layihənin, “ASAN qatar” sistemi fəaliyyətə başlayacağını və qatarlar vasitəsilə xidmət göstəriləcəyini qeyd etdi.
Daha sonar çıxış edən Müdafiə sənayesi naziri Yavər Camalov ölkədə istehsal olunan silahlar haqqında məlumat Verdi. O bildirdi ki, aprel hadisələrində düşmənə məhz yerli silahlar vasitsilə cavb verilib.
Kənd Təsərüfatı naziri Heydər Əsədov isə ölkədə boşalan örüş torpaqlarının əkin kateqoriyasına daxil edilməsini təklif etdi.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə isə 300 subartezian quyusunun qazıldığını qeyd etdi.
7News.Az








