Onunla zərərçəkən tərəf arasında yerlibazlıq söhbəti yaranıb.
Bakı Apellyasiya məhkəməsində Tovuz rayon sakini Nurəddin Məmmədovun CM-nin 120.1 (qəsdən adam öldürmə), 29,120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
2014-cü il mayın 25-də Qaradağ rayonunun Sangaçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında fəhlə işləyən Nurəddin Məmmədov münaqişə zəminində orada işləyən Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarətlər yetirib, nəticədə Kliniki tibbi mərkəzə yerləşdirilən F.Məmmədov səhərisi gün keçinib, Q.Həsənovun həyatı isə xilas edilib.
Şübhəli şəxs Qaradağ RPİ 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib və törətdiyi cinayəti etiraf edib.
Məhkəmə prosesində Nurəddin Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində Bakıya işləmək məqsədi ilə gəldiyini və daş karxanasında işlədiyini bildirib. Hadisə günü, onunla zərərçəkən tərəf arasında yerlibazlıq söhbəti yaranıb, buna görə aralarında əvvəl sözlü mübahisə başlayıb.
Cənub zonasından olan Qabil və Fəryaz onu təkləyərək əl və ayaq zərbələri ilə ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər, ona görə özünü müdafiə edərkən Nurəddin cibindən bıçaq çıxarıb və onlara xəbərdarlıq edib ki, yaxın gəlməsinlər.
Buna baxmayaraq, sonuncular öz üstünlüklərini nümayiş etdirməklə ona təzyiq göstərməkdə davam ediblər, nəticədə əsəblərini cilovlaya bilməyərək birinci zərbələri Fəryazın döş qəfəsinə endirib, ardınca isə Qabili bıçaqlayıb. Sonra hadisə yerindən uzaqlaşıb.
Son sözlə məhkəməyə müraciət edən Nurəddin Məmmədov cinayəti özünü müdafiə edərkən, zərərçəkənlərin qanunsuz hərəkətlərinin təsiri nəticəsində törətdiyini qeyd edib və bunun yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməli qəsdən törətdiyini və ona 15 il cəza təyin edilməsini istəyib, zərərçəkən Qabil Həsənov Nurəddin Məmmədovun qanun çərçivəsində cəzalandırılmasını xahiş edib.
Çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 15 il cəza müddətinə məhkum olunmasını xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
7news.az








