Daşkəsən rayonunda toyda 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Şakir Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
7NEWS.Az-ın xəbərinə görə, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 24-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 25-də Daşkəsən şəhərində keçirilən toy mərasimində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Ş.Tağıyev həmyerlisi, 1998-ci il təvəllüdlü Eldəniz Mustafa oğlu Namazovu ürəyindən bıçaqlayaraq qətlə yetirib.
Daha sonra Ş.Tağıyev Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
7NEWS.Az







