AKP-nin qurucusu və Türkiyənin faktiki söz sahibi R.T.Ərdoğanın təkidi ilə hakim partiya növbəti (fövqəladə) qurultayını keçirib öz yeni sədrini seçdi. Yəni prosesin formalitə və protokol tərəfi artıq geridə qaldı. Fəqət yaxın keçmişlə bağlı ayrıntı və müəmmalar, baş nazir Əhməd Davudoğlunun qəfil istefa şoku güman ki, siyasi kuluarlarda hələ uzun müddət müzakirə predmeti olaraq qalacaq. Ən azından səbəbiyyətin kökünə “ulaşmaq amacı ilə.”
***
Eyni adlı hadisədən (istefa xəbərindən) düz on gün öncə Milli Məclisin nümayəndə heyətinin tərkibində Avropa Şurasının növbəti yaz sessiyasına qatılmaq üçün mən də Strasburqa getmişdim. Fransaya axşam çatdıq. Aprel döyüşlərindən sonra erməni tərəfin hər cür şərəfsizliyə əl atacağına əmin idik. Bu səbəbdən nümayəndə heyəti olaraq təcili qərarlaşıb iclas çağırdıq. Və elə oradaca xoş bir xəbər eşitdim: Sabah günorta saatlarında Davudoğlu da Strasburqa təşrif buyuracaq. Baş nazirin plenar iclasda çıxışı gözlənilir. Əla! Demək, bu həssas məqamda hər şey bizim lehimizədir. İnşallah ki, Türkiyə gücümüzə güc qatar.
Davudoğlu gəldi, nə gəldi. “Hilton”un ətrafı qələbəlik idi. Baş bakanla eyni oteldə (üstəlik eyni mərtəbədə) qalırdıq. Binada 3 nəfərdən ikisi Davudoğlunun mühafizəçisi idi. Hətta həmin gün səhər yeməyinə düşmək üçün otağın qapısını açdığımda şok oldum. Hər tində bir cangüdən mürgüləyirdi. Bax bu şəkildə qorunurdu Davudoğlu. Əlqərəz, yeməyimizi yeyib iclasa yollandıq. Günorta isə Türkiyə nümayəndə heyətinin rəhbərindən görüş təklifi gəldi. Görüşdük. Bir saatlıq ümumi müzakirələr bitəndən sonra nəzərimizə çatdırıldı ki, bəs Davudoğlu sabah plenar iclasdakı çıxışından 1 saat öncə inzibati binanın VİP – otağında sizi gözləyəcək...

Əhməd bəyi ilk dəfə yaxından orda gördüm. Təkbətək təmasla hamıya yaxınlaşdı, əl verib salamlaşdı, xeyli danışdı, hətta ara-sıra zarafatlaşdı və sonda xatirə fotosu çəkdirdi.
Öz adıma etiraf edirəm, bir millət vəkilinin hansısa siyasi lideri heyrət dolusu təsvir etməyi anormal haldır. Amma yenə də söyləmədən keçə bilməyəcəm: Davudoğlu sözün gerçək anlamında misilsiz bir türk yetirməsidir. Bu adam siyasətə populist çıxışlar və sadəcə fitri istedada söykənən improvizə ilə deyil, kitab və auditoriya üzərindən, akademik səviyyədən gəlib. Baxışı, hərəkəti, jestləri ilə bir insanın sahib ola biləcəyi ən hiper dərinlikdədir. Müdhiş üslubu, inanılmaz xarizması, şəxsiyyətə, proseslərə yönəlik qeyri-adi yanaşma tərzi var. O türkçülüyün zirvəsini qət etmiş bir şəxsiyyətdir...
Plenar iclasdakı çıxışı isə düz 53 dəqiqə çəkdi. Zal susqun idi. Susqun, dolu və müsbət anlamda çaşqın. Bu adam həmin o 53 dəqiqə ərzində bircə dəfə hərf səhvi belə etmədiyi bəlağətli nitqinə o qədər çox şey sığdırdı ki... İki tirəliyin bünövrəsini qoyan Avropanı, 5 ələ oynayan vəkil qiyafəli lobbiçiləri elə gözəl formada susdurdu ki... Nitqinin ən həyəcanlı yerində ermənini ifşa edərək Azərbaycanın haqqını kimsəyə yedirtməyəcəklərini, sonuna qədər qardaş ölkənin yanında var olacaqlarını o qədər mükəmməlcə, erkəkcə, mərdcə izhar etdi ki...
***

Razıyam. Ərdoğan Atatürkdən sonra türk tarixinə öz adını qızıl hərflərlə yazdırmış yeganə siyasətçidir. Bunu kimsə inkar edə bilməz. Adam Türkiyə üçün can qoyub, həyatını sərf edib, bu yol uğrunda türmədən belə hər şeyi, şəxsinə yönəlik saysız-hesabsız sui-qəsdləri, terroru, inanılmaz məhrumiyyətləri göz önünə alıb. Amma ortalıqda xəyanət faktoru yoxdursa, yox idisə “Davudoğlu ilə davam” qərarı verilməliydi. Bu da mənim şəxsi düşüncəmdir. Təbii, əgər bilmədiyim(iz) daha mübhəm və qaranlıq məqamlar söz konusu deyilsə. Ehtimallar isə hazırkı situasiyada 5 istiqamətə haçalanır.
Ərdoğan açıq xəyanətlə üzləşib. Sadəcə bunu ictimailəşdirə bilmir. Ona görə Davudoğlu ilə təkbətək görüşüb, təcili qurultay çağırıb məsələni sükutla, komanda daxilində böhran yaratmadan həll edir.
Ərdoğan nə qədər nəhəng siyasətçi olsa da artıq yaş və səhhətindəki problemlər öz sözünü deməkdədir. Yəni, adam yorulub. On gün bundan öncə Bakıda keçirilən qlobal forumda 5 dəqiqəlik çıxışını belə “suflyor” üzərindən oxuması bu qənaəti hasil etmək üçün yetərli sübutdur. Belə olan halda isə Davudoğlunun siyasi arenada inanılmaz yüksəlişi Ərdoğanı qıcıqlandıra, qısqandıra bilərdi.
Proseslərə nəzərən söyləmək olar ki, Davudoğlu Ərdoğana nisbətdə daha demokratik və daha loyal xarakterə sahib biridir. Bu səbəbdən ola bilər Türkiyə Böyük Millət Məclisində millət vəkillərinin toxunulmazlığının ləğvi ideyasından tutmuş qlobal arenada silahlı münaqişələr etapına qədər - bir çox məsələlərdə fikir ayrılığı yaranıb və Davudoğlunun təpkisi, inadı sonda istefa ilə nəticələnib. (Əslində zaman-zaman Abdullah Güllə münasibətdə də bənzər president yaşanıb və ya Gülün yetərincə demokrat olduğu, bir çox məsələlərdə Ərdoğanla razılaşmadığı Türkiyə ictimaiyyətinə çoxdan bəllidir. Fəqət məsələ burasındadır ki, Davudoğlu Güldən fərqli olaraq yerində sayan tipaj deyil. Yetərincə dinamikdir. Onun öz inadını və təpkisini diqtə edəcəyi gün hər an yetişə bilərdi. Bu səbəbdən adamı tam məqamında sükan arxasından düşürdülər.
Ərdoğanın ətrafında Davudoğlunu sevməyənlər yetərincədir. Odur ki, şantaj və özəl məclislərdə, dar çərçivədə söylənən fikirlərin sabotaj edilmə variantı da istisna deyil.
Davudoğlu Ərdoğanın yaxın silahdaşı olmaqla bərabər həm də “dərin dövlət”in kadrıdır. Lazım gəldiyində öz kadrını bitirmək və taleyin ümidinə buraxmaq ənənəsi isə “dərin dövlət” fəlsəfəsinə zidd deyil.
***

Türkiyə və AKP bundan sonra öz yoluna Binali Yıldırımla davam edəcək. Uğur olsun. Hər halda öz canımızdan və qanımızdan olan qardaşlarımız üçün hər şeyin ən yaxşısını arzu edirik. Amma tək bir şey deyim: Davudoğlu adı bundan sonra yaşadığım sürəcə mənim beynimdə Strasburq çıxışı ilə assosiasiya olacaq. Əsas da inanılmaz şövq və qürurla söylədiyi bir cümlə ilə: “Lələ Təpəni düşmən tapdağından azad edən həmvətənlərim! Qarabağın işğaldan qurtulacağı, erməni terroristlərin sahib olduğunuz torpaqlardan dəf olub gedəcəkləri gün uzaqda deyil...”
P.S. Bu bir təşəkkür yazısıdır, sayın Davudoğlu. Yolun açıq olsun. Harda, hansı statusda, hansı məqamda olman artıq heç nəyi dəyişdirməz. Sən Azərbaycanı, bizləri bu qədər sevmənlə haqq etdin o təşəkkürü! Tam anlamı ilə haqq etdin həm də...








