Məlum olduğu kimi, Azərbaycanın Daxili Qoşunlarının tabeçilik prinsipi dəyişib. Bundan sonra bu struktur Prezidentə tabe olacaq. Məsələ Milli Məclisdə üçüncü oxunuşda qəbul olunan "Azərbaycan Respublikasının Daxili Qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin qəbul etdiyi yeni qanun layihəsində tabeçiliklə yanaşı başqa dəyişikliklər də əksini tapıb. Belə ki, Daxili Qoşunlara polis kimi şübhəli şəxsləri saxlamaq, həbs etmək səlahiyyəti verilir. Həmçinin Daxili Qoşunlara kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulmasının qarşısını almaq səlahiyyəti verilib. 1994-cü ildə qəbul olunan qanunda Daxili Qoşunların icazəsiz mitinqlərin qarşısını alması qadağan idi.
Milli Məclisin komitə sədri Arzu Nağıyev BBC-yə deyib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlib və qanun köhnə olduğu üçün onu yeniləyiblər. O, Milli Məclisdə qanun layihəsini təqdim edərkən deyib: "Yeni qanun layihəsinin qəbulu ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir”.
Yeni qanunda Daxili Qoşunların silahdan istifadə şərtləri genişləndirilib. Onların istifadəsinə elektroşok cihazları, rezin güllələr, xüsusi texnika əlavə edilib. Onlara odlu silahdan terror, girovgötürmə, silahlı basqın və qiyam hallarında istifadəyə icazə verilib. Daxili Qoşunlar son illərdə pandemiya dövründə polislə birgə xidmət aparıb. Lakin bununla bağlı müəyyən təhriflər səsləndirilir. Bununla belə, qərarın texniki xarakter daşıdığını deyənlər də var.
Bəs Daxili Qoşunların tabeçiliyi ilə bağlı yeni qanun işin faydasınadırmı?
Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov "Yeni Müsavat”a bildirdi ki, Daxili Qoşunların Daxili İşlər Nazirliyinə deyil, birbaşa ölkə prezidentinə tabe olmasında qeyri-adi nə isə yoxdur: "Sadəcə olaraq, Daxili Qoşunlara yeni səlahiyyətlər verilir. Daxili Qoşunlar silahlı qüvvələrdə bir qoşun növüdür. Silahlı Qüvvələrin Ali Baş Komandanı isə ölkə Prezidentidir. Yeni qanun layihəsində Daxili Qoşunların funksiyasında xeyli dəyişikliklər nəzərdə tutulur. Səlahiyyətlərinin artırılması müsbət haldır. Belə bir praktika Avropanın bir sıra dövlətlərində də mövcuddur və müxtəlif adlarla adlandırılır. Türkiyədə Jandarm Qüvvələri var. Bunlar Azərbaycandakı Daxili Qoşunların yeni qanun layihəsində nəzərdə tutulan funksiyalarını yerinə yetirirlər. Odur ki, haqqında söhbət gedən yeni dəyişikliklər müsbət nəticə verə bilər. Bu dəyişiklikləri başqa istiqamətlərə yozmaq düzgün deyil”.
Ekspert vurğuladı ki, qanunda nəzərdə tutulan dəyişikliklər operativlik baxımından işin xeyrinə olacaq: "Daxili Qoşunların komandanı lazım olanda operativ özü qərarlar verəcək. Sərbəst qərarlar qəbul edə biləcək. Bu yenilik ölkədə sabitliyin möhkəmlənməsinə töhfəsini verəcək”.
Etibar SEYİDAĞA,
"Yeni Müsavat”








