“Salam verdilər, mən də salamını almadım"
"Dedim ki, xoşum gəlmir, salam vermirəm"
"Gəlib mənim yoluma ağac əkmişdi, küsülü idik"
Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə bıçaqlanma hadisəsi baş verib.
Kəlbəcər rayon sakini 45 yaşlı Vidadi Çıraqov, aralarında yaşanmış mübahisə nəzdində, qohumu 23 yaşlı Hafiz Qasımova bıçaqla xəsarət yetirib.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəsarət alan şəxsin həyatını xilas edə biliblər.
Xəstəxanaya gələn polis əməkdaşlarının apardıqları araşdırma nəticəsində məlum olub ki, Hafiz Qasımova xəsarət yetirən şəxs onun qonşusu, bibisi nəvəsi Vidadi Çıraqov olub.
Dərhal Abşeron polisi əməliyyat tədbirinə başlayıb. Cinayəti törətməkdə şübhəli bilinən Vidadi Çıraqov saxlanılaraq istintaqa təhvil verilib. O dindirilərkən bildirib ki, hadisədən təxminən 2 saat əvvəl qonşusunun evində olanda Hafiz Qasımov və digər qohumu da oraya gəlib. Həmin vaxt Vidadi onlarla görüşməyib.
Bundan qəzəblənən Hafiz sonradan Vidadinin evinə gələrək salam vermədiyi üçün ona iradını bildirib: “Salam verdilər, mən də salamını almadım. Bununla da çıxıb getdilər. Aradan 2 saat keçdikdən sonra, evdə çay içirdim, qapı döyüldü. Çıxdım çölə. Mənə dedi ki, sən mənim atamla əmimə niyə salam verməmisən? Mən də dedim ki, birincisi danışmıram. İkincisi də xoşum gəlmir vermirəm. "Sən belə qudurmusan? deyəndə məni vurdu. Orada dava etdik. Özümü müdafiə etmək üçün bıçaqdan istifadə etdim ki, bəlkə qorxub çəkilə. O da dəydi ona”.
Qohumların küsülü olması isə, bir neçə ay bundan öncəyə təsadüf edib. Cinayətkar bunun bir ağacın üstündə baş verdiyini deyib: “Bir talış var, gəlib mənim yoluma ağac əkmişdi. Bunun üstündə də mübahisə yaranmışdı. Sonra polis gəldi və dedi ki, bu ağacı çıxardın. Camaatın yolunun üstünə ağac əkmisiniz. Elə onun üstündə 6-7 ay əvvəl olmuşdu bu”.
Faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir. (Region TV)
7News.Az









