Bu gün market və ticarət mərkəzlərində qarşılaşdığımız problemlərdən biri də, kartla ödəniş etmək istədiyimiz zaman mağazada həmin banka aid post-terminalın olmamasıdır.
Aid olduğu bankın post terminalı olmadıqda, bu zaman alıcı məcbur olur ki, pulu başqa bankın terminalından çəksin. Bu da əlavə itkilərlə nəticələnir. Çox vaxt da buna görə alıcı ilə satıcı arasında mübahisə yaşanır.
“Bunun qarşısının alınması üçün hər mağazaya, yaxud da ödəniş yerinə bütün bankların post-terminalını qoymaq mümkünsüz məsələdir”. Bunu vergilər nazirin birinci müavini Natiq Əmirov bildirib.
Onun sözlərinə görə, post-terminalların tətbiqi, onların banklara bağlanması, “Banklar haqqında Qanun”a və ödəniş sistemləri haqqında müvafiq normativ sənədlərə əsaslanır: “Dünyanın heç bir ölkəsində bütün bankların post-terminallarının olduğu mağaza yoxdur. Eyni hal bankomatlara da aiddir. Bəzi ölkələrdə bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir, banklar birləşir. Bizim ölkəmizdə də, bir çox banklarda bu proseslər tətbiq olunmaqdadır. Gələcəkdə təbii ki, banklar belə bir innavatit metod tətbiq etməklə bu xərcləri, yəqin ki, azalda bilərlər”./atv
7news.az








