Amerika xüsusi xidmət orqanlarının "nəbz yoxlama əməliyyatı” çərçivəsində ölkələri qarışdırmaq, süni nifaq toxumu səpmək texnologiyasının qurbanları az olmayıb.
İraq, Liviya, Suriya, lap elə yaxın Ukrayna və digər ölkələrdə yaşananlar okeanın o tayında planlanan ssenarilərin və "demokratiya bombası"nın məntiqi nəticəsidir. Hansı ki, bu dövlətlərin vətəndaşları öz ölkəsində normal insan kimi yaşamaq imkanlarını faktiki olaraq itiriblər.
ABŞ və Qərbin "dişi batdığı" ölkələri hansı zülmə və məhrumiyyətlərə düçar etdiyi Qərb politoloqlarının özləri tərəfindən də etiraf olunur. Türkiyədə "FETÖ ssenarisi" və hökuməti devirmək cəhdləri fiaskoya uğrayan Amerika kəşfiyyatı Azərbaycanı da nüfuz dairəsinə almaq istəyir.
ABŞ-ın "demokratiya mexanizmi" belədir - prosesi qızışdırır, süni nifaq yaradır, tərəfləri döyüşdürür və yekunda barışdırıcı tərəf olaraq ortaya çıxır. Sabitlik adı ilə öz maraqlarını təmin etməyə, istədiyini əldə etməyə müvəffəq olur. Qazanan tərəflər yox, ABŞ və müttəfiqləri olur.
P.S. ABŞ və Qərbin Ukrayna məsələsində Rusiya ilə anlaşmaya hazırlaşdığı, rəsmi Kiyevi də buna təhrik edəcəyi bildirilir. Qanı tökülən milyonlarla insan və xaraba qoyulan Ukrayna hər dəfə olduğu kimi, yenə də qəddar və amansız "Qərb demokratiyasını" heç maraqlandırmır...
Azər Niftiyev
Araşdırmaçı-jurnalist








