Balıqçılar dənizdə ölmək üzrə olan miqrantların həyatını xilas ediblər.
Türkiyə sahillərində növbəti miqrant faciəsinin qarşısı alınıb. Aydın vilayəti Kuşadası rayonundan balıq tutmaq üçün dənizə çıxan balıqçılar dənizdə ölmək üzrə olan miqrantların həyatını xilas ediblər.
Çərşənbə günü Kuşadası körfəzindən dənizə balıq tutmağa çıxan balıqçılar bu məqsədlə sahildən təxminən 7 mil uzaqlaşıblar. Bu vaxt balıqçılar dənizin səthində narıncı əşyalar görüblər. Yaxına gedən balıqçılar əynində xilasedici jiletləri olan, suda ölüm-qalım mübarizəsi aparan 15 miqrantı xilas ediblər.

Onlar 14 nəfəri dənizdə itirdikləri üçün xilas olunmaqlarına sevinə bilmədilər
Sahil təhlükəsizlik qüvvələrinə faktla bağlı məlumat verən balıqçılar miqrantları başqa bir balıqçı qayığına mindirərək başqalarının da ola bilmə ehtimalı ilə ətrafa baxmağa başlayıblar. Bir müddət sonra balıqçılar, qrupun xilas olunduğu yerdən 1.5 mil aralıda xilasedici jilet aşkarlayıblar. Bunun boş olduğunu hesab edən balıqçılar yaxınlaşdıqları zaman jiletin içində körpə uşaq olduğunu görüblər. Bədəninin hərarəti azaldığı üçün ölmək üzrə olan 18 aylıq körpə xəstəxanaya çatdırılaraq xilas olunub.

Xilas olunan 18 aylıq körpə Məhəmməd
Xilas olunanlar getdikləri gəminin batdığını, gəmidə onlardan başqa daha 14 nəfərin də olduğunu deyiblər.
Miqrantları xilas edən gəminin kapitanı Rəcəb Evran yaşadıqları hadisəni belə xatırlayır:
“Əvvəl dənizdə narıncı bir bidon gördük. Durbinlə baxaraq ətrafda insanların da olduğunu müəyyən elədik. Yaxınlaşıb iki-iki, üç-üç birbirlərindən tutaraq çırpınan insanları gördük. Azı 4-5 saat dənizdə qalmışdılar və şoka girmək üzrəydilər. Ətrafa baxaraq hər hansı bir qayıq və gəmi görmədik. Sahil təhlükəsizlik qüvvələrinə xəbər verdik. Onlar gələnə qədər hamısını dənizdən çıxardıq. Dördü gənc qız, 10 qadın və 1 kişi idi. Sulu paltarları ilə ağırlıq etdiklərindən gəmimizin manevr qabiliyyəti zəiflədi. Daha bir faciə yaşanmaması üçün başqa bir balıqçı gəmisindən yardım istədik. Sağ olsunlar, işlərini bir kənara qoyub yardım etdilər. Biz isə başqa bir canlı varmı deyə axtarışlara davam etdik.”

Axtarışlara bir az daha davam edərək 18 aylıq körpəni aşkarlayan kapitan uşaq sağ qaldığı üçün sevincini ifadə edə bilmədiyini deyib: “Dənizin səthində xilasedici jilet gördük. İçində heç nə görünmədiyi üçün elə bildik boşdur. Bir ümidlə yaxınlaşdıq və içində robot kimi donmuş körpə gördük. Öldüyünü düşündüyümüz üçün çox pis olmuşduq. Birdən onun səsini eşitdik və dünyalar bizim oldu. Körpəni tez sudan çıxardıq. Uzun müddət suda qaldığı üçün əlləri və ayaqları ağappaq olmuşdu. Bir az da qalsa hipotermiya olacaqdı və ya artıq olmuşdu. Ağzından köpük gəlirdi. Soyundurduq və adyala bükdük. Bütün cəhdlərimizlə onu yaşatmağa çalışdıq. Çağırışımızla Egey liman idarəsindən gəmi gəldi və körpəni Kuşadasına apardı. Kiçik olduğu üçün axıntı onu daha çox sürükləmişdi. Yaxşı ki, bir az qabağa getmişik. Bunu ifadə edə bilmirəm. Bir az da geciksək, yəqin ki, körpə öləcəkdi. Eyni Bodrumda ölən Aylan kimi onun da cansız bədəni qumluqlardan birindən tapılacaqdı.”

Körpə Məhəmməd anası ilə
Suriyada artıq 4.5 ildir vətəndaş müharibəsi davam edir. Bu müddət ərzində yüz minlərlə insan ölüb, təxminən 7 milyonu ölkədə, 5 milyona yaxını ölkə xaricində olmaqla 13 milyondan çox suriyalı yaşadığı evdən və şəhərdən didərgin düşüb. Onların 2 milyonu Türkiyədə qaçqın düşərgələrində və ya fərdi şəkildə yaşamağa çaılışsalar da böyük əksəriyyəti daha yaxşı həyat üçün Avropanın yolunu tuturlar. Bu yolçuluğu isə çox vaxt həyatları ilə ödəyirlər./anspress
7news.az








