"Azərbaycan Prezidentinin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalaması qəhrəman Milli Ordumuzun keçirdiyi uğurlu hərbi əməliyyatların məntiqi nəticəsidir”.
Bunu Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
F.Ağamalı deyib ki, həmin ərazilər işğaldan azad edildikdən sonra erməni işğalı zamanı didərgin düşən soydaşlarımızın geri qayıtması gözlənilən addım idi:

"Çünki bu, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin mahiyyətinə söykənir və sistemli xarakter daşıyır. Ölkə başçısının siyasəti, siyasi-diplomatik və hərbi istiqamətlərdə işğalçı Ermənistana zərbələr endirmək, onun işğalçı ölkə olduğunu beynəlxalq aləmə bir daha göstərmək və münaqişənin istənilən yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində başa çatmasını təmin etməkdir. İşğal olunan torpaqlarımızın azad olunması ilə bağlı ölkə başçısının siyasəti məhz bu məntiqə söykənir”.
Deputat qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar işğalçı Ermənistanı himayə etməkdədilər:
"İndi biz Dünyada "dişsiz” BMT, işğalçı Ermənistanın yanında dayanan ATƏT-in Minsk qrupu həmsədrlərini görürük. "Böyük dövlətlər” Cənubi Qafqazın lider dövləti olan Azərbaycana təsir göstərmək üçün Dağlıq Qarabağ ətrafında yaranmış situasiyadan istifadə etməyə çalışırlar. Ona görə də bu gün Dağlıq Qarabağda status-kvonun saxlanılmasında onlar maraqlıdılar. Bunlara baxmayaraq, ölkə Prezidentinin ölçülüb-biçilən, müdrik siyasəti nəticəsində Azərbaycan hərbi və diplomatik uğurlara imza atmaqdadı”.
Partiya sədri vurğulayıb ki, bu siyasətin məntiqi və uğurlu davamı olaraq məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə geri qaytarılması prosesinə start verilib:
"Bununla da bütün dünya ictimaiyyəti ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində hansı cinayətlərə və vandalizmə imza atmasının və Azərbaycanın öz torpaqlarına yenidən sahib çıxmasının şahidi olacaq. Bu sərəncam ilk növbədə Azərbaycan Prezidentinin müəllifi olduğu uğurlu aprel döyüşlərinin məntiqinə söykənir. Uğurlu aprel döyüşlərinin müəllifi cənab Ali Baş Komandan İlham Əliyev, onu reallaşdıranlar isə müdafiə naziri Zakir Həsənov və onun igid hərbiçiləridir. Aprel döyüşləri həm də qəhrəman hərbiçilərimizin Vətənə, Azərbaycana sədaqətinin uğurlu nümunəsidir. Bu, Azərbaycan Prezidenti, xalqı və ordusunun sıx birliyinin və gücünün tərənnümüdür. Bu uğurlar hələ ilkdir. Biz bundan daha böyük uğurlar görəcəyik”.
Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev isə deyib ki, Azərbaycan Prezidentinin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı torpaqlarımızın işğaldan azad olunmasının bariz nümunəsidir.
Onun sözlərinə görə, sözügedən sərəncam həm də "Böyük Qayıdış” proqramının ilk müjdəsidir.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olduğunu vurğulayan A.Şahverdiyev həmin kəndin ona çox doğma olduğunu söyləyib:

"Bildiyiniz kimi, Cocuq Mərcanlı ulu öndərin vaxtında, 1994-cü ildə işğaldan azad edilib. Amma orada şərait elə idi ki, insanların orada yaşaması praktiki olaraq qeyri-mümkün idi. Bu kənddə iki yüksəklik var. Bu yüksəkliklərdən biri Lələ Təpə deyilən yüksəklikdir. Bura strateji nöqtə sayılır. Strateji əhəmiyyəti nədən ibarətdir? Lələ Təpədən kənara, Ermənistan tərəfə 50-60 kilometr məsafəni bizim silahlarımız əhatə edə bilir. İkinci yüksəklik kəndin qəbiristanlığı idi. Lələ Təpə həm də pir, ocaq deməkdir. Möhtərəm prezidentin dünən imzaladığı sərəncamla Prezidentin Ehtiyat Fondundan bu kənddə evlərin tikintisinə 4 milyon manat ayrılıb. Məndə olan informasiyaya görə, bu gün 200-ə yaxın müraciət var. Hazırda intensiv şəkildə torpaqların minalardan təmizlənməsi prosesi gedir. İnsanlar böyük həvəs və arzu ilə ora qayıtmaq istəyir. Çox vətənpərvər, qorxmaz bir insan ailəsi ilə birlikdə 1994-cü ildən orada yaşayır. Yeganə ailədir ki, o kənddə yaşayır. İşğaldan qabaq kənddə 400 ailə yaşayırdı. O insan 23 ildir ki, kənddə yaşayırdı, kəndi tərk etməmişdi. O da görünür insanlarımıza bir nümunə olub. Mən hesab edirəm ki, cənab prezidentin söylədiyi kimi biz yaxın zamanlarda bunun bəhrəsini görəcəyik. Yəni, bu, "Böyük Qayıdış”ın ilk başlanğıcı olacaq. Tezliklə evlər tikiləcək və sakinlər ora qayıdacaqlar. Dövlət bu insanların qayğısına qalıb və qalacaq. Cəbrayıl rayonunun, təmsil olunduğum dairənin seçiciləri və bütün sakinlər adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm”.//publika.az
7News.az








