Bakı sakini Məlahət Qurbanova deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovdan şikayətçidir.
Səbəb deputat və qardaşının aldıqları pulları ona qaytarmamasıdır.
Mətbuata müraciət edən Qurbanova bildirib ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtıyla prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi lombarda gələrək, pul götürüb və qaytarıb. «Mirəhməd Abbasov həm tələbə yoldaşım olub, həm də bu hərəkətləri ilə daha da etibarını artırıb. Lakin 2013-cü ildə o, mənə bildirdi ki, deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovla şərikli bina inşa edirlər. Və tikinti işlərini davam etdirmək üçün onlara pul lazımdır. Mən də Mirəhmədə etibar etdiyim üçün ona 165 min manat pul verdim».
Zərərçəkən şəxs qeyd edir ki, Mirəhməd Abbasov onu inandırmaq üçün Rəfael Cəbrayılovun inşa etdirdiyi binadan dəyəri 300 min manat olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. «Mən həm də ona şahid oldum ki, tikinti işlərini aparan «Dərhal» MMC-nin direktoru deputat Rəfael Cəbrayılovun qardaşı Elşəndir. Hətta bir dəfə deputatın sürücüsü olan Vüqar gəlib məndən pul da götürdü. Lakin aradan 1 ildən çox vaxt keçməsinə baxmayaraq, nə Mirəhməd Abbasov, nə Rəfael Cəbrayılov, nə də Elşən Cəbrayılov pullarımı qaytarmırlar».
Verdiyi açıqlamasında Məlahət Qurbanova bildirib ki, o, başına gələnlərlə bağlı Baş Prokurorluğa müraciət edib. Oradan isə bildiriblər ki, Rəfael Cəbrayılovun sürücüsü Vüqar bu işləri onlardan xəbərsiz edib. «Mənə bildirdilər ki, Vüqar izahatında bildirib ki, o, hər şeyi onlardan xəbərsiz edib. Bununla bağlı Rəfael və Elşən Cəbrayılovlar, habelə Mirəhməd Abbasov Nəsimi polisinə ərizə ilə müraciət ediblər. Ancaq bu inandırıcı deyil. Ona görə ki, Vüqar bu işi təkbaşına edə bilməzdi. Aydın məsələdir ki, Rəfael və Elşən ciddi problemlə üzləşəcəklərindən dolayı belə bir addım atıblar. Əgər Vüqar bu işi təkbaşına görürdüsə, bəs, 300 min manatlıq mənzilin sənədlərini niyə mənə Mirəhməd Abbasov verirdi? Üstəlik, əgər Vüqardan şikayət verilmişdisə, bəs, necə olur ki, həmin şəxs hazırda yenə də Rəfael Cəbrayılovun sürücüsüdür?».
Şikayətçi sonda dövlət başçısı İlham Əliyevə müraciət edərək, ondan yardım istəyib.
Qeyd edək ki, bu Rafael Cəbrayılovun ilk biznes qalmaqalı deyil.Belə ki, Dəyərlər.org saytı 8 may 2013-cü il tarixli sayında “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verdiyindən yazıb. Burada göstərilirdi ki, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.
İddia onunla əsaslanıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədi ilə digər cavabdehlər Rauf , Elşən və Rəfael Cəbrayılovla zaminlik müqaviləsi bağlanılıb. Lakin “ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib. Nəticədə onların iddiaçı qarşısında öhdəliyi yaranıb.
Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib. Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib.
Qarşı tərəfi də dinləməyə hazırıq. /jam
7News.Az








