Milli Məclisin bu gün keçirilən iclasında deputat Çingiz Qənizadə çıxış edərək başına gələn bir olaydan söz açıb.
7news.Az xəbər verir ki, çıxışı zamanı deputat AZAL-ı sərt ittiham edərək bu qurumun dilənçiliklə məşğul olduğunu deyib.
"İstanbuldan Bakıya qayıdan zaman biznes klassda ön sırada oturmaq istədim. Gediş bileti əvvəlcədən alınmışdı. Biznes-klassda 20 yerin cəmi 5 yeri dolu idi. 15 yer boş idi. Mənə dedilər ki, ön sırada əyləşmək üçün əlavə 30 dollar ödənilməlidir. Belə olmaz. Hətta mən xarici vətəndaş olsam, bir də AZAL-la uçmaram.
Türkyədə dedilər ki, bu göstəriş Bakıdan gəlib. Biz heç nə edə bilmərik. Hər gün bununla bağlı nə qədər narazılıqlar olur. Xahiş etdilər ki, bu problemi qaldırım. Puldan ötrü dilənçilik edirlər. Mən səsimi çıxartmasaydım, bu pul ödənilməli idi”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanda turizmin inkişaf etdirilməsini istəyiriksə, belə hallar olmamalıdır.








