RU
Deputatın seçki təbliğatında “Azadlıq” radiosu və Xədicə İsmayılın rolu
10:53
6630

Deputatın seçki təbliğatında “Azadlıq” radiosu və Xədicə İsmayılın rolu

Qaxın deputatı Azər Kərimlinin seçki təbliğatını “Azadlıq” radiosunun əməkdaşı və Xədicə İsmayılın əmisi oğlu aparır.

Artıq seçki təbliğatına bir-neçə gün qaldığından bəzi dairələrdə əsəblər tarıma çəkilib və rəqiblər bir-birini zərərsizləşdirmək üçün ən son variantlara da əl atırlar.

Son günlər mətbuatda daha çox danışılan seçki dairələrindən biri də 112 Saylı Qax Seçki Dairəsidir.

Belə ki, Qax rayonundan 15 il deputat olmuş Azər Kərimli bu dəfə şanslarının sıfıra bərabər olduğunu bildiyindən rəqiblərini sıradan çıxarmaq və qara-piar aparmaq məqsədilə bütün variantlara əl atır. 15 ildir iqtidar yönümlü deputat kimi tanınan Azər Kərimli Qaxdakı cəbhəçilərlə də əməkdaşlığa gedib. Bu məqsədlə “1001 Dad” restoranında Qax cəbhəçilərilə görüşən Azər Kərimli onlardan kömək istəyib və əsas rəqibi olan hüquq müdafiəçisi Əhməd Şahidov barədə sosial şəbəkələrdə təbliğat aparılmasını istəyib.

Təsadüfi deyil ki, rayon cəbhəçiləri Facebook sosial şəbəkəsində hüquq müdafiəçisinə qarşı fəal təbliğatla məşğuldular. Sosial şəbəkələrdə anti-təbliğata külli miqdarda vəsait xərcləyən Azər Kərimli bu işdə xüsusi təcrübəsi olan və “Azadlıq” radiosunun “məktəbini” keçmiş şəxslərdən də istifadə edir. Həmin şəxslərdən biri “Azadlıq” radiosunun Şimal bölgəsi üzrə müxbiri Elvin Hüseynlidir. NİDA Vətəndaş Hərəkatının üzvü olan Elvin Hüseynli hakimiyyət əleyhinə keçirilən icazəsiz aksiyaların aktiv iştirakçısı olmaqla yanaşı, həm də “Azadlıq” radiosunun ştatda olan bölgə müxbiridir. Eyni zamanda Facebookda Qax səhifəsinin admini olan Elvin Hüseynli idarə etdiyi Facebook səhifəsində Azər Kərimlini açıq təbliğ edir və digər namizədlərə qarşı qara-piar aparır. Azər Kərimli özünün əsas rəqibi olan Əhməd Şahidova qarşı istifadə etdiyi açar isimlərdən biri də həbsdə olan jurnalist Xədicə İsmayılın doğmaca əmisi oğlu Şahlar İsmayıldır. “Azadlıq” radiosunun bölgə müxbiri Elvin Hüseynli ilə birlikdə Azər Kərimlinin Qaxdakı El Resort Hotelində yerləşən qərargahında oturan Şahlar İsmayıl aktiv şəkildə Facebook sosial şəbəkəsində Azər Kərimlinin rəqiblərinə qarşı anti-təbliğatla məşğul olur və açıq təhqiredici ifadələrdə Əhməd Şahidovu təhqir edir. Bütün bunlara göz yuman Qax səhifəsinin admini Elvin Hüseynli də bu anti-təbliğatda fəal iştirak edir. Rəqibini nüfuzdan salmaq üçün “Azadlıq” radiosunun imkanlarından istifadə edən Azər Kərimli jurnalist Xədicə İsmayılın əmisi oğluna bildirib ki, ötən ilin Sentyabr ayında ATƏT-in Varşava toplantısında baş verən “arxa çevirmə” hadisəsindən dərhal sonra Xədicə İsmayılın həbsi əslində Əhməd Şahidovun istəyi ilə baş tutub. Bu həbsin qisasını almaq üçün Əhməd Şahidova qarşı fəal mübarizə aparmağı məsləhət görən Azər Kərimli jurnalist Xədicə İsmayılın əmisi oğlu Şahlar İsmayıla “zəhmət haqqı” da verir. Görünən odur ki, Qax rayonunda baş verən hadisələri təkcə medianın deyil, eyni zamanda aidiyyatı qurumların da diqqət mərkəzindədir. Yaxın günlərdə Qax rayonu ilə bağlı siyasi qərarın veriləcəyi gözləniləndir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ