Sentyabrın 15-dən başlayaraq rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişi qadağan olunacaq. Belə ki, rayon maşınları səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq. Bu avtomobillər üçün şəhərin cənub və şimal girişində pulsuz dayanacaqlar salınıb.
Rayon qeydiyyatında olan maşınlar yalnız gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola biləcəklər.
Belə bir qadağanın tətbiq olunması rayonda yaşayan sakinlər üçün hansı problemlər yarada bilər?
Qubadan seçilən millət vəkili Vahid Əhmədov açıqlamasında bildirib ki, Bakı şəhərində sıxlığın aradan qaldırılması üçün yeni layihə hazırlanıb.
Deputat hesab edir ki, bu müəyyən qədər doğru qərardır: “Çünki tıxac olmasına görə şəhərdə ciddi problemlər yaranır. Amma burada iki məsələ nəzərə alınmalıdır. Belə ki, rayonlardan paytaxta küllü miqdarda meyvə-tərəvəz gətirilir. Bu məsələ yəqin ki, həmin qərarda öz əksini tapmalıdır. Təyin edilən dayanacaqlardan həmin məhsulların bazarlara daşınması təmin edilməlidir. Bundan əlavə rayonlarda elə xəstələr olur ki, onların paytaxta gətirilməsi vacibdir. Bu iki məsələyə müəyyən qədər aydınlıq gətirilməlidir. Amma şəhərdə tıxacı aradan qaldırmaq, nəqliyyatın hərəkətini tənzimləmək üçün belə addıma ehtiyac var”.
Milli Məclisin Ağcabədidən seçilən deputatı Tahir Rzayev saytımıza bildirib ki, bu təklif bir neçə il bundan əvvəl həyata keçirilməli idi.
Millət vəkilinin sözlərinə görə, Bakıda son dövrlərdə tıxacların sayı artıb: “Əhalinin rifah halı yüksəldikcə, nəqliyyatın da sayı artır. Bu, inkişafdan xəbər verir. Ancaq bunun üçün bir qayda yaradılmalıdır. Bu tək Bakıda belə deyil. Dünyanın əksər ölkələrində belə məhdudiyyətlər var. Xarici ölkələrə səfərimiz zamanı bunları müşahidə etmişik. Əlbəttə ki, sistemli halda olmalıdır. Burada güclü nəzarət olmalı və ayrıseçkiliyə yol verilməməlidir. Kimsə gəlib keçsin, digəri qalsın kimi hallar olmamalıdır. Vətəndaşlar buna tam öyrəşdikdən sonra burada heç bir çətinlik olmayacaq.
Xəstəsi, yaralısı və xeyirə-şərə gələn adamlar ola bilər. Sözsüz ki, belə şəxslərə müəyyən güzəştlər olmalıdır. Elə xəstələr var ki, onları ictimai nəqliyyatda aparmaq olmaz. Onlara müəyyən güzəştlər oluna bilər, amma bu kütləvi şəkildə olmalı deyil”.
Millət vəkili hesab edir ki, Bakıya giriş müəyyən qaydada məhdudlaşdırılmalıdır.
Lənkərandan seçilən millət vəkili Hadı Rəcəblinin fikrincə, rayon maşınlarının Bakıya buraxılmaması müəyyən problemlərə gətirib çıxara bilər: “Bununla bağlı dünya təcrübələri mövcuddur. Rayon maşınlarının şəhərə buraxılmaması düzgün yanaşma deyil. Digər formalar tapmaq lazımdır. Məsələn, yük maşınlarının şəhərdə hərəkəti üçün lazımı vaxt və xəttlər müəyyən edilməlidir. Biz özümüzdən Amerika kəşf etməməliyik. Belə etsək, çox ciddi bir problem yaratmış olarıq.
Düşünürəm ki, rayon maşınlarının şəhərə girişinə indi qadağa qoymaq lazım deyil. Bunun üçün müəyyən zaman lazımdır. İşlər hissə-hissə görülməlidir. Belə bir qadağa qərarı qəbul edilsə, sonradan öz müsbət nəticəsini verməyəcək. Yenə də gərginliklər yaranacaq. Rayonda yaşayan əhalinin böyük əksəriyyətinin övladları Bakıda təhsil alır və işləyirlər. Bunun üçün belə qadağanın qoyulması məqbul sayıla bilməz”. /azvision
7News.Az








