Avqust 11-də Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları arasında "Sağlam olaq - donor olaq” devizi altında görüş keçirilmişdir.
Görüş zamanı Mərkəzin İdarə Heyətinin sədri Fuad Rəsul Mərkəzin fəaliyyət istiqaməti, keçirilmiş tədbirlər barədə çıxış etmiş və qan donorluğunun faydaları haqqında tədbir iştrakçılarına geniş məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin əsas məqsədi respublikada müvafiq dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, həmçinin Azərbaycanda qan donorluğu ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir. Həmçinin Respublikamızda asayişin qorunub saxlanılmasında gecə-gündüz yorulmadan fəaliyyət göstərən daxili işlər orqanlarının bütün əməkdaşlarına qan donorluğu sahəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.








