"Təkcə cəbhə xəttində yox, diplomatik müstəvidə də hər şey gözlədiyimiz və arzuladığımız istiqamətdə gedir. Çox şükür! Dünənki Cenevrə görüşünün mətbuata açıqlanan detallarından aydın olur ki, bütün maraqlı tərəflər üçün də kritik tarix 3 noyabrdır: ABŞ-dakı seçkilərin qalibi tam müəyyənləşməyənədək, heç kim qəti qərar vermək istəmir!”
Cebhe.info xəbər verir ki, bu fikirlərlə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü çıxış edib.
O bildirib ki, bu görüşün getdiyi ərəfədə xüsusilə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Braynın sülhməramlılarla bağlı mövqeyinin yayılması və NATO üzvü olan Norveçi, Danimarkanı (+Finlandiya və İsveçi) təklif etməsi rəsmi Vaşinqton üçün də ən vacib detallın - "qırmızı xətt"in məhz sülhməramlılar mövzusu olduğunu bir daha aydınlaşdırdı:
"Beləliklə, bu, o deməkdir ki, münaqişənin həllində Ermənistanın Rusiyanı, Azərbaycanın isə Türkiyəni bölgəyə çağırması və bölgədə rus-türk uzlaşması qaçılmaz tarixi zərurətə çevrilir!
Qarşıda isə Azərbaycan Ordusunun sürpriz reallıqlar yarada biləcəyi daha 3 gecə və 3 gündüz var!
Allah Ordumuza gecəni Laçında, Xocalıda, gündüzü isə Şuşada, Kəlbəcərdə, Xankəndində dincəlməyi nəsib eləsin!”
Alçina Amilqızı
Cebhe.info








