İsmayılov yatmış palata yoldaşlarını yuxusunu qarışdırdığına görə vurduğunu deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Qazaxıstan vətəndaşı Əjdər İsmayılovun (1960-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə prosesi başa çatıb.
Bu il mayın 24-də səhər saat 7 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində qətl baş verib.
Belə ki, orada müalicə olunan Əjdər İsmayılov otaq yoldaşı Vahid Muradovu (1969-cu il təv.) və Elşən İsmayılovu (1986-cı il təv.) bıçaqlayıb. Nəticədə Muradov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib, İsmayılovun həyatı isə xilas edilib.
Daha sonra hadisəni törədən şəxs otaqda olan çay stəkanını qıraraq özünə də xəsarət yetirməyə cəhd göstərib, lakin həkim personalının işə müdaxiləsindən sonra onu zərərsizləşdirmək mümkün olub. Daxil olan məlumat əsasında Əjdər İsmayılov Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və dindirilərkən, yatmış palata yoldaşlarını yuxusunu qarışdırdığına görə vurduğunu deyib və səbəbini heç cür izah edə bilməyib.
Araşdırma zamanı məlum olub ki, həm Əjdər İsmayılov, həm də qətlə yetirilən Vüqar Muradov əvvəllər məhkum olunublar. Dispanserin baş həkimi bildirib ki, Əjdər İsmayılov narkotik aludəçisi olub və Buzovnada küçələrdə qalıb:
“Soyuqda qalmaqdan ağciyərlərində güclü soyuqdəymə əmələ gəlib, yerli polislər onu tutub, dispanserə təhvil veriblər və biz də artıq onu müalicə etmişdik. Belə hadisə törədəcəyini heç kim gözləmirdi”.
İstintaqın gedişatında təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Ə.İsmayılovda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olub, təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmayıb.
Məhkəmə prosesində Ə.İsmayılov ittiham üzrə özünü təqsirli hesab edib.
Məhkəmə hesab edib ki, birbaşa və dolayı qəsdlə törədilmiş əməl qəsdən törədilmiş cinayət sayılır. Onun əməlləri CM-nin müvafiq maddəsinə əsasən təsnifata görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir.
Məhkəmənin hökmü ilə Əjdər İsmayılov cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
7news.az








