Tramp üçün Prezidentlik əlbisəsi biçənlər əslində tam 21 il əvvəldən ciddi bir mexanizm üzərində işləyiblər, bu adı şüuraltı dərinliklərə qədər yeridiblər. Bəli. Amerikada Prezident olmaq "halva” deyil. Ən azından 4 seçki öncədən "dərin dövlət” bu proseslərə start verir, adam hazırlanır, subyektaj müəyyən olunur. Və ya - hələ düz 16 il əvvəl çəkilmiş məşhur cizgi filminin epizodunda Trampın qalib olaraq insanlara əl yelləməsi, Vanqanın öngörməsində adının keçməsi belə təsadüf deyil.
Hər şey öncədən düşünülüb...
Ayrıca, altı çizilərək vurğulanması gərəkən daha bir məqam var: Amerika öz yaranış tarixindən bu yana dövlət idarəçiliyindəki rotasiya rejiminə heç vaxt, hətta yarım dəfə də olsun (!) xəyanət etməyib. Bir adam, daha doğrusu bir partiyadan olan namizəd seçkini maksimum iki dəfə uda bilər. Fəqət, bir partiyadan iki fərqli namizəd əsla və əsla Prezidentlik marafonunun ardıcıl qalibi ola bilməz. Bu qızıl qaydadır.
Amma görünən budur ki, Donaldın özü belə son ana qədər Prezident olacağına inanmayıb. Hətta 2 gün öncə onun dilindən səslənən: "Seçilməsəm nəticələri tanımayacam” mesajı da əslində rəqibə və ya xalqa deyil, "dərin dövlət”ə ünvanlanmışdı. Sırf güvənsizlikdən. Daha dəqiqi, məlumatsızlıqdan.
Rəqib olaraq Klintonun seçilməsi isə təsadüf deyil. Amerikanın (dolayısı ilə dünyanın) siyasətini müəyyən edən "ailə”lərin xanım namizədin həyat yoldaşı, keçmiş Prezident Bill Klintona "yükləyə” bilmədiyi ssenari, ələlxüsus da İraq mövzusunda çarəsiz qalması "birincilər” tərəfindən unudulmayıb. Ona görə də Monika Levinski ilə başlayan daxili məhkəmə praymerzdə Obamaya uduzdurulmaqla davam edib, Tramp qarşısında biabır edilməklə yekunlaşdı. Bəli, bu "dərin dövlət”in Klinton ailəsinə qarşı kin püskürməsi idi. Rəsmi Pentaqonun və hətta Obamanın belə seçki nəticələri haqda (öncədən) tam məlumatlı olduğu bir situasiyada xanım Klinton növbəti dəfə oyuna gəldi, siyasi karyerası amansızcasına bitirildi.
Təbii, Tramp özü də yetərincə güclü və iradəli şəxsiyyətdir. Hər halda rəqabətin çox güclü olduğu Amerika biznes mühitində milyardlar qazanmaq hər adamın işi deyil. Fəqət, məsələ burasındadır ki, onun haqqında güclü şəxsiyyət və uğurlu biznesmen kimi danışılsa da, siyasətçi kimi danışılmır. Və..."dərin dövlət”in istədiyi də məhz budur: Danışılmasın. Zatən gələcəkdə atılacaq bütün qeyri-adekvat addımlar, beynəlxalq siyasətdə ehtimal olunan bütün kritikalar Trampın çılğın xarakteri və hiper-emosiyaları ilə malalanacaq. Hesablama budur! Klinton kimi praqmatik, bəlli qəlibə oturmuş siyasətçi isə indiki məqamda həqiqətən "alt güc”lərin (eyni zamanda xalqın) marağına xidmət edə bilməzdi. Həm də bir neçə digər səbəbdən:
- Dünyaya sahiblik iddiasında olan Amerika hələ siyasi matriarxata hazır deyil.
- Amerika hazırki dönəmdə Prezidenti bir tək özü üçün seçmir.
- Amerikanlar bir dəfə məğlub olmuşlara ikinci şansı vermir.
- Amerika xalqı (ata-oğul) Buş sindromundan sonra bir də (ər-arvad) Klinton sindromunu yaşamağa sözün gerçək anlamında ehtiyat etdi.
Əslində Klintonun seçki texnoloqları da bayağı üslubda işlədilər. Ələlxüsus da media vasitəsilə şəxsiyyət (ailə) üzərinə yönəlmiş qara piar tam əks effekt verdi. Donaldın həyat yoldaşı Melanianın model keçmişinin qabardılması, daha sonra Trampın qadınlar haqqında söylədiyi bəzi fikirlərin kontekstdən çıxarılaraq tirajlanması güman ki, Klintonun qadın eqosundan gələn təşəbbüs olub. Çün, bir zamanlar Monika Levinski-Bill Klinton məcarasının mediaya sızması ikincinin ciddi nüfuz çöküşünə səbəb olmuşdu. Xanım Klinton isə həmin ərəfədə az qala boşanmağa hazırlaşırdı. Yəqin sırf bu prizmadan və öz həyat təcrübəsindən çıxış edərək Hillari düşünüb ki, eyni adlı "fənd” yenə effekt verə bilər. Amma belə bir məqamda seçki texnoloqlarının məsələyə müdaxiləsi, ən azından xanım namizədə Sarkozi təcrübəsinin xatırladılması mütləq idi. Ki, növbəti fiasko yaşanmasın.
Tramp isə necə deyərlər, az vurdu-saz vurdu. Elə yalnız FTB direktoru Ceyms Komi ilə sövdələşmə (hərçənd bunun da "dərin dövlət”in planı olduğuna kimsə şübhə etmir), ardınca isə Klintonun bəzi mübhəm yazışmalarının açılması az qala "Wikileaks” effekti verdi.
Ayrıca, Ohayo ştatının 1964-cü ildən bəri seçkilərdə "açar” rolu oynadığını Trampa ilk dəfə "sağ əli”, seçki qərərgahının əsas siması - Maykl Pens anlatdı və onun təşəbbüsü ilə bu ştatda ən dayanıqlı özəklər quruldu. Nəticə isə bəllidir.
Və nəhayət Tramp heç bir vəziyyətdə rəqibinə qurşaqdan aşağı zərbə vurmadı. Güman ki, siyasi imicmeykerlər belə bir şeyi ona qadağan etmişdilər. Tamamən də haqlı olaraq. Hətta Klinton "plevrit” diaqnozu ilə xəstəxanaya yerləşdirildiyində belə Trampın ağzından bir kəlmə neqativ söz çıxmadı. Əksinə, ağıllı siyasi texnoloqların məsləhəti ilə bir mükəmməl jest (cümlə) üzərindən reputasiyasına növbəti xalı yazdırdı: "Rəqibimin seçkidə tam sağlam və maksimum güc ilə döyüşməsini arzulayıram”....
***
Rusiya ilə münasibətlərin tamamən stabilləşəcəyini düşünənlər isə kökündən yanılırlar. Ortada böyük maraqlar var. Faktiki olaraq 3-cü dünya müharibəsi başlayıb, həmin dünya açıq-açığına bölüşdürülür. Belə bir vəziyyətdə Putinin Trampa vermiş olduğu mənəvi dəstək də növbəti konfliktlərdən yayınmağı, ümu-küsünü tamamən bitirməyi stimullaşdıra bilməyəcək. Düzdür, şəxsi zəmində qarşılıqlı anlaşma, simpatiya ola bilər, amma Amerika kimi dövlətlərin oturuşmuş siyasətini heç bir şəxsiyyət dəyişmək və ayrı səmtə yönləndirmək gücündə (əzmində) deyil. Bu da ayrı bir aksiomdur.
Yaxın Şərq dilemmasının, dollar və neft kabusunun bitimini də ehtimal etmək düşünürəm ki, sadəlöhvlükdən savayı bir şey deyil. Əksinə, hazırki durumda vəziyyətin daha da pisləşməməsini arzulamaq daha real motivasiyadır. Həm də çox sadə bir səbəbdən: Tramp istənilən rakursda Buşun və Obamanın atasına rəhmət oxutduracaq bir "potensiala” sahibdir!
Türkiyəni isə hazırki vəzyyətdə nəzəri baxımdan uduşlu hesab etmək olar. Ən azından ona görə ki, artıq Fətullah Gülənin ekstradisiyası tam realdır. Üstəlik, fetoçu terror qrupun demokratlara sərf etdiyi maya da batıb. Ərdoğan kimi "usta” siyasətçinin isə belə vəziyyətlərdən bəhrələnməməsi absurd olardı. Bu səbəbdən, 20 yanvar inaqurasiyasına qədər Fətullah Gülənə hansısa digər dövlət "yaşıl işıq” yandırmasa, adamın sonu gəlmiş deməkdir.
Azərbaycanla münasibətlərin perspektivi də yeni komandanın inisiativindən asılıdır. Zatən Prezident İlham Əliyevin Trampa ünvanladığı təbrik məktubunun mətnində yeni situasiya üçün dostluq prioritetlərinin bir qismi açıq göstərilib. Ələlxüsus da Dağlıq Qarabağ kontekstində. Məğz isə bundan ibarətdir: "Tərəfdaşlığımız Azərbaycanın haqq işində bizlərə verəcəyiniz dəstək həcmində olacaq”.
Əlqərəz, 24 saat öncə bütün dünyanı şoka salan Tramp qasırğasının hansı səmtə doğru əsəcəyi biz qarışıq hər kəs üçün son dərəcə maraqlıdır.
Gözləyək. Başqa çarə yoxdur.
Elşən Musayev,
Milli Məclisin deputatı
musavat








