Ümumdünya Qan Donorları Günü olan 14 iyun tarixi, təmənnasız qan donorlarının şərəfinə qeyd edilən, xüsusi bir gündür.
Bu gün – başqa insanların həyatını xilas etmək üçün öz qanlarını bağışlayan könüllü qan donorlarının tanınması və yüksək qiymətləndirilməsi, minnətdarlıq günüdür. Bunu 7news.az-a Azərbaycan Talassemiya Federasiyasının Prezidenti Nailə Quliyeva bildirib. O deyib ki, bütün dünyada sağlamlıq problemləri ilə bağlı hər saniyə qan köçürülməsi üçün ehtiyac yaranır. Qan və qan məhsullarının köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə kömək edir. Bu il ÜST “Qan bizi birləşdirir” mövzusunu kampaniyanın mövzusu elan edib. Bu mövzu, donorlar və pasiyentlər arasında mövcud olan, görünməyən, ancaq həyati əhəmiyyət daşıyan bağı vurğulayır. ÜST, həmçinin “Həyatı bölüşün, qan verin” şüarını da qəbul etmişdir. Donorların qan verməyə davam etməsi, qan verməyən insanların isə donor olmasını təmin etmək üçün təşkilat qan donorları sayəsində həyatları xilas edilmiş insanlar haqda danışır, deyə Nailə Quliyeva vurğulayıb. Hər birimiz qan itkisinə səbəb ola biləcək qəza ilə hər an qarşılaşa bilərik. Qanın verilməsi müəyyən vaxt tələb edir, lakin qan dərhal tələb oluna bilər. Buna görə də, donorluğun təcili yox, müntəzəm olması lazımdır – bu, fövqəladə hal qurbanları üçün də daxil olmaqla, qan komponentlərinin daimi ehtiyatını təmin etmənin yeganə yoludur. Ölkəmizdə təkcə talassemiya pasiyentləri arasında 1500-ə yaxın insanın hər ay təmənnasız donor qanı aldığı üçün qan donorluğu mövzusu Azərbaycanda da çox aktualdır. Talassemiyadan əziyyət çəkən pasiyentlərin həyatı donor qanı olmadan davam edə bilməz, bu səbəbdən də donorluğun təşviq edilməsi Azərbaycan Talassemiya Federasiyasının əsas vəzifələrindən biridir. Şirkətlər və ictimai təşkilatlarda donorluq kampaniyalarının populyarlıq qazanmağa davam etməsi sevindirici haldır. Hətta, bəzi təşkilatlar bu cür kampaniyaları ildə iki dəfə keçirir. Bəs biz, ÜST-ın araşdırmalarına əsasən qan donorlarının ömrünün orta göstəricilərə nisbətən beş ildən çox daha artıq olduğunu bilirikmi? Donorlar, QİÇS, Hepatit B və C, malyariya və sifilis kimi həyat üçün təhlükəli virusların aşkarlanması üçün pulsuz qan müayinəsindən keçirlər və bunun sayəsində xəstəliklərin erkən diaqnostikası mümkün olur ki, bu da öz növbəsində müalicə olunma ehtimalını ciddi dərəcədə artırır. Bundan əlavə, donorun verdiyi 400 ml qan bədən tərəfindən qısa müddətdə bərpa edilir. Qanınız cavanlaşır, onun xüsusiyyətləri yaxşılaşır, bu isə sağlamlığınız üçün çox faydalıdır. Bu gün, bu əlamətdar bir gündə, Azərbaycanda müntəzəm təmənnasız qan donorluğunun inkişafında əməyi olan donorluq institutunun bütün iştirakçılarına – bizim donorlarımıza, Qan xidmətinə, qeyri-kommersiya və ictimai təşkilatlara, könüllülərə, Bakı şəhərinin və regionların sosial məsuliyyətli şirkətlərinə dərin minnətdarlığımızı bildiririk. Donorluq - əsl xeyriyyəçilikdir. Qan vermək – onu bölüşə biləcək insanlar baxımından çox cüzi bir şey kimi görünə bilər, lakin qana ehtiyacı olanlar üçün həyati əhəmiyyət daşıyır! Qan verən donor özünün bir hissəsini – öz qanını, onun kimə kömək edəcəyini bilmədən və mükafat almağı gözləmədən bağışlayır. Qan donorluğundan daha fədakar əməl ola bilərmi? Həyatda bir çox şey etmək olar, amma insanlara yaşamaq üçün bir şans vermək – bu, donorların bəxş etdiyi ən böyük hədiyyədir! Əziz donorlarımız! Töhfəniz əvəzolunmazdır! Bu gün biz sizə səxavətiniz, məsuliyyətiniz, yəqin ki, heç vaxt qarşılaşmayacağınız, lakin həyat bəxş etdiyiniz insanlara qarşı olan sevginiz üçün Çox sağolun deyirik! Çox sağolun ki, son ana qədər müsbət nəticələrə inanmağa və yaxşılığa olan inamı itirməməyə səbəb olursunuz! Çox sağolun ki, uşaqlarımız yaşamasına kömək edirsiniz! Çox sağolun ki, siz varsınız! Siz dünyanı yaxşılığa doğru dəyişdirirsiniz və bu minnətdarlığa layiqdir! Sizin qarşınızda baş əyirik!
7News.Az








