Tarixinmüxtəlifdövrlərində ermənilərtərəfindənsoyqırımınaməruzqalanAzərbaycanxalqı növbətibelə faciə ilə XXəsrinsonlarındaXocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Biz, eyni zamanda, Xocalı soyqırımına iki fərqli yanaşmanın və münasibətin şahidləriyik. Bu barədə söhbətə keçməzdən əvvəl Azərbaycan tarixinin 24 il əvvəl yaşanmış qanlı səhifəsinə bir daha nəzər yetirməyi lazım bilirik.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edildi. Dinc əhaliyə amansızlıqla divan tutuldu: 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin isə taleyi bu günə kimi məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl və qocalar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə dəlik-deşik edilib.
Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərindən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqla əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Ermənilərin diqqətini Xocalıya cəlb edən digər bir səbəb də vardı: Qarabağda yeganə hava limanı məhz burada yerləşirdi.
Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların nizamnaməsində ifadə olunub. Sonradan Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsində təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.
Ulu öndərin 26 mart 1998-ci il tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə, o cümlədən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. Fərmanda haqlı olaraq dünya ictimaiyyətinə çatdırılır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülüb, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
Ermənilərin törətdikləri bu qanlı hadisədən illər ötsə də, hələ də bu faciənin dəhşətləri unudulmur. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Beynəlxalq hüquq və sağlam düşüncə məhz bunu tələb edir.
Azər VERDİYEV
ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri,
İcmalçı








