RU
”Dünya ictimayəti Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını artıq tanınmağa başlayır”
11:47
1471

”Dünya ictimayəti Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını artıq tanınmağa başlayır”

YYSQ sədri, Kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) Xocalı soyqırımının ildönümü ilə əlaqədar ictimaiyyət üçün açıqlama verib.

Yeni Yazarlar və Sənətçilər Qurumu ( #YYSQ ) olaraq Xocalıda günahsız mülki insanlara qarşı törədilmiş cinayətə etiraz səsimizi dəfələrlə qaldırmışıq. Dünya ictimayətinin ən qabaqcıl nümayəndələri də Xocalı soyqırımı ilə bağlı öz etirazlarını bildiriblər. Azərbaycan dövlətinin və ictimai qurumların apardığı siyasətin məntiqi nəticəsi olaraq, bu illər ərzində Avropanın və dünyanın sivil dövlətlərindən, beynəlxaq təşkilatlarda Dağlıq Qarabağla bağlı çoxsaylı bəyanatlar səslənib. Bəyanatlarda Azərbaycan torpaqlarının sərhədləri çərçivəsində müstəqilliyi və bütövlüyü tanınıb. Bu, onu sübut edir ki, dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini yavaş-yavaş tanınmağa başlayır. Biz, ictimai qurum olaraq, Xocalı soyqırımının dünya ictimayəti, beynəlxalq təşkilatlar tərəfindən tanınmasını və bu məsələ ilə bağlı ciddi işlərin görülməsinin tərəfdarıyıq. Təşkilatımız gənc yazıçılarla işləyir, eyni zamanda oxucularla da təmasdadır. Biz real olaraq, həmçinin virtual, yəni internet vasitəsilə Xocalı soyqırımı ilə bağlı məlumatları həm 50 milyonluq dünya azərbaycanlılarına, ümumiyyətlə isə dünyada türk dilində danışan 300 milyonluq etnosdaşlarımza çatdırmağa çalışırıq. Eyni zamanda, kitabxana.net portalımızda Azərbaycanda və xaricdə Xocalı soyqırımı ilə bağlı çap olunmuş kitabların ingilis, rus və digər dünya xalqlarının dillərinə tərcümə edərək mini virtual sərgilər təşkil edirik. Onu da qeyd edək ki, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AYB, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənmiş və bizim təşkilatımız tərəfindən həyata keçirilmiş kitabxana.net portalı vasitəsilə oxucular Azərbaycan tarixi, Dağlıq Qarabağ məsələsi və Xocalı soyqırımı ilə bağlı çap olunmuş kitabların elektron variantlarından istifadə edə bilərlər. Yaranandan bu yana Qarabağa, Azərbaycan həqiqətlərinə, tarixinə həsr olunmuş müxtəlif dildə olan kitabların virtual sərgisini təşkil etmişik. Eləcə də əslən Qarabağdan olan qələm adamlarının kitabları, eləcə də məlum hadisələrə həsr olunmuş, mövzusunu Xocalı soyqırımı faciəsindən götürən əsərlərin elektron formatda rəqəmsal kitab şəklinə salınmış, İnternetdə, portalımızda, sosial şəbəkələrdəki 20-çor resurslarımızda yayımlanır... YYSQ Heydər Əliyev Fondunun, ARGİN, ARGTMŞ, ARPYQHTDDŞ, həmçinin dövlət qurumları və xarici ölkə səfirlikləri şəbəkəsindən yararlanaraq müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı həyata keçirilən tədbirlərə kreativ-kulturoloji dəstək verir. Yeri gəlmişkən, yazarlar olaraq xalq diplomatiyasının tərəfdarı olsaq da, XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı ərəfəsində bu tipli görüşlərin təşkilini heç cür qəbul edə bilmirik! Tutalım, Rusiya və Avropanın təzyiqi ilə azərbaycanlı və ermənil ziyalılarının hansısa görüşü təşkil olunub, bəs orada iştirak edən və özlərini milli ziyalı sayan tanınmış şəxslərə nə olub? İndi qayıdanda başlayacaqlar pafoslu açıqlamalar veməyə, amma ürəklərində öldürülmüş, başı kəsilmiş, dərisi soyulmuş, süngüyə keçirilmiş Qarabağlı uşaqların, qadın və qocaların, şəhidlərimizin, Xocalı qurbanlarının ruhu qarşısında xəcalət çəkməzlərmi, görəsən? Fərqi yoxdur, ictimaiyyətimizə məlumdur ki, düşüncə və həyat fəlsəfəsi etibari ilə biz yazarlar humanist oluruq, hər cür pafoslu millətçilikdən uzağıq, amma sivilliyin, bəşəriyyətin, sözün və düşüncənin qana boyandığı bir hadisə ərəfəsində - Xocalı faciəsi ildönümü qarşısında bu cür yalançı xalq diplomatiyasını qəti əleyhinəyik. Söz yox, havaxtsa bu iki düşmən dövlət arasında dinc qonşuluq dövrü başlayacaq, fəqət hər iki tərəfdən hansısa cinayət törədilibsə, xüsusən də Xocalı, Daşaltı soyqırım günahkarları mütləq dünya ictimaiyyətinin gözü qarşısında haqq məhkəməsinə çəkilməli, layiqli cəzalarını almalıdırlar. Necə ki, bu yaxınlarda sabiq Yuqoslaviyada baş verən bənzər faciələrə görə dırnaqarası siyasətçilər və hərb quldurları öz cəzasını çəkdilər... Əslində bu tarix üçün vacibdir ki, bəşəriyyət bir də belə fəlakətli faciələrlə qarşılaşmasın.

YYSQ İctimai qurumlarla əlaqə və Analitik İnformasiya bölümü 24 fevral 2016-ci il

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ