Dünya əhalisinin təxminən yarısında rast gəlinən "Helicobacter pylori" infeksiyası mədə xərçəngi də daxil olmaqla, bir sıra ciddi xəstəliklərin yaranma riskini artıra bilər.
Bu barədə qastroenteroloq Malena Qarsiya Arredondo "20minutos" nəşrinə verdiyi müsahibədə xəbərdarlıq edib.
Mütəxəssis bildirir ki, "Helicobacter pylori" dünyada ən çox yayılan xroniki bakterial infeksiyadır. Dünya əhalisinin təxminən 40-50%-i bu bakteriyanın daşıyıcısıdır. Lakin infeksiya çox vaxt heç bir simptomla özünü büruzə vermədiyi üçün insanlar onun mövcudluğundan xəbərsiz olurlar.
Arredondo izah edib ki, mədə divarının (mukoza) uzunmüddətli iltihabı digər risk faktorları ilə birləşdikdə ciddi həzm problemlərinə səbəb olur. Bu infeksiyanın yol aça biləcəyi əsas ağırlaşmalar bunlardır:
- Onikibarmaq bağırsaq xorası;
- Atrofik qastrit;
- Mədə xərçəngi;
- MALT limfoması.
Həkim qeyd edib ki, "Helicobacter pylori" aşkar edildikdə fərdiləşdirilmiş müalicə planı hazırlanır. Terapiya adətən antibiotiklərin və mədə turşuluğunu azaldan dərmanların kombinasiyasından ibarətdir. Bakteriyaların bəzi antibiotiklərə qarşı müqavimətinin artması müalicə rejimində vaxtaşırı dəyişikliklər etməyi zəruri edir.
"Helicobacter pylori" 1982-ci ildə alimlər Barri Marşall və Robin Uorren tərəfindən kəşf edilib. Bu kəşf mədə xəstəliklərinin, xüsusən də xoranın səbəbləri haqqında elmi dünyagörüşü kökündən dəyişib. Alimlər bu nailiyyətlərinə görə 2005-ci ildə Tibb üzrə Nobel mükafatına layiq görülüblər.








