Rusiyalı milyonçu Yevgeniy Pyatovskiyin maliyələşdirdiyi "Game 2: Winter” yarışması geniş müzakirələrə yol açıb.
7News.Az-ın məlumatına görə, dünyada izlənmə rekordları qıran məşhur "Aclıq oyunu” filminin senarisinə uyğun hazırlanan yarışmada 15-i xanım olmaqla 30 nəfər iştirak edəcək. Onlar Sibirin vəhşi heyvanlarla dolu şaxtalı meşələrində 9 ay ərzində ölüm-qalım mübarizəsi aparacaq.
İştirakçılar onlara verilən bıçaqlarla heyvan ovlayaraq qida ehtiyacını ödəyəcək. Fərqli ölkələrdən gələn şəxslərin mübarizə aparacağı yarışın qalibinə təqribən 10 milyon dollar mükafat veriləcək. Təşkilatçı Yevgeniyin yarış barədə dedikləri insanlarda şok effekti ayardıb:
"Proqramda siqaret çəkmək, içki içmək, dalaşmaq, təcavüz etmək, öldürmək kimi hallar sərbəst olacaq".
O bildirib ki, şərtləri qəbul edən iştirakçılar əvvəlcə müvafiq sənədə imza atacaq.
Qeyd edək ki, iki min gizli kamera vasitəsiylə lentə alınan proqramı internetdən 24 saat ərzində izləmək mümkün olacaq. Yarış İngilis, Çin, Ərəb, İspan, Fransız və Alman dillərində yayımlanacaq.












