Harun ər-Rşidə hər il Bizans imperatorluğundan vergi olaraq çoxlu var-dövlət göndərilirdi. Bir il müsəlman alimləri ilə disput keçirmək üçün rahiblər göndərildi. Dedilər ki, bizə qalib gəlsəniz mal-dövləti qoyub gedəcəyik, yoxsa geri qaytaracağıq. Dörd yüz nəfər rahib gəlmişdi.
Harun əmr verdi ki, bütün müsəlman alimləri Dəclə çayının kənarına toplaşsınlar. Sonra o, imam Şafiini də çağırtdırdı və buyurdu ki, onlara sən cavab verəcəksən. İmam Şafii səccadəsini çiyninə alıb, çaya doğru getdi. Səccadəni dünyanın ən iti axan çayı olan Dəclənin üzərinə sərib oturdu və buyurdu ki, mənimlə disput etmək istəyənlər buraya gəlsinlər. Bu halı görüncə oradakı bütün xristianlar İslamı qəbul etdilər. Xəbər gedib çatdı Bizans imperatoruna və o, məsələdən hali olub dedi:
-Allaha şükür ki, o adam (Şafii) buraya gəlməyib.Əgər gəlsəydi buradakılar hamısı müsəlman olardılar.
İmam Şafii miladi 767-ci ildə Qüds yaxınlığındakı Qəzza bölgəsində anadan olub. Ana tərəfdən Peyğəmbər soyuna bağlanır. 2 yaşında atadan yetim qalıb və anası ilə Məkkəyə gələrək orada böyüyüb boya-başa çatıb. Alim və övliya olaraq İslam tarixində özünəməxsus yeri var.
Şafiinin bir neçə qiymətli kəlamlarını diqqətinizə çatdırırıq:
- Hər kəs öz mömin qardaşına gizlincə nəsihət etsə faydalı olar. El içində edilən nəsihətin faydası olmaz, bəlkə də zərəri olar.
- Fikri-zikri mədəsində olan adamın qiyməti bağırsaqlarından çıxanla ölçülər.
- Hər kəsə ağıllı deməzlər. Ağıllı odur ki, özünü hər cür pislikdən qorusun.
- Kiminlə oturub-dursan onun məqamında olarsan.//moderator.az

7News.az








