Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya yollanıb. Moskvada o, Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir.
Kremlin yaydığı rəsmi açıqlamaya görə, "görüş zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı məsələlər nəzərdən keçiriləcək".
Bəyanatın müəllifinin Moskva olması Sarkisyanın səfərinin təşəbbüskarının da Rusiya olduğunu göstərir. Yəni Sarkisyan Moskvaya yollanmayıb - onu çağırıblar.
Rusiyanın Cənubi Qafqazdakı quberniyasına çevrilmiş Ermənistanın dövlət başçısı "şimal hamisi" ilə münasibətlərdə könüllü və müstəqil addımlar atmaq, suveren qərarlar vermək hüququna malik deyil. O, göstərişləri və əmrləri yerinə yetiririr, çağırış olanda da "rəhbərlik" qarşısında hesabat verir.

Serj Sarkisyanın Moskvaya rəsmi səfəri ilə bağlı indiyədək verilən məlumatların sətiraltı məzmunundan görünür ki, Ermənistandakı durum Rusiyanı narahat edir.
Çünki Rusiya ilə "ikitərəfli münasibətlər" adlandırılan metropoliya-protektorat tipli əlaqələrin inkişafı üçün Yerevan mümkün olduğundan daha çox, məntiqdən kənar addımlar atmaqdan da çəkinmir, Moskvanı sinirləndirməməyə çalışır. Belədə Yerevandan daha nələrisə gözləmək, sadəcə, kölənin belinin daha da aşağı əyilməsini tələb etməyə bənzəyir.
Üstəlik, səfər qəfil, əvvəlcədən planlaşdırılmayandır - rəsmi Yerevan ölkə başçısının Moskvaya yollanacağı ilə bağlı ilkin açıqlamalar verməmişdi və Ermənistanın hakimiyyət dairələrindəki funksionerlər də son həftələrdə bu barədə bir kəlmə də deməmişdilər.
Ammma hazırlıqlar vardı və Yerevan Moskvadan yeni güzəştlər, imtiyazlar almaq üçün Azərbaycanla sərhəddə sürəkli təxribatlara başlamışdı.
Son günlərdə Azərbaycanın sərhəd kəndlərinin və ordumuzun mövqelərinin atəşə tutulması da bunu göstərir. Sarkisyan rejimi "sərhəddə və Dağlıq Qarabağdakı cəbhə xəttində situasiyanın gərginləşməsi"ni vurğulayaraq Moskvadan yardımlar almaq niyyətindədir.
Amma Yerevanın bu planı onun özünə qarşı çevrilə bilər və Moskva son günlərdə atışmaların intensivləşməsindən yararlanaraq Ermənistana təzyiqlərini artırmağa cəhd göstərmək fikrinə düşər.
Moskvanı vəziyyət buna vadar edir.
Cənubi Qafqazda son aylardakı geosiyasi olaylar çox sürətli inkişaf mərhələsindədir. İranın nüvə proqramı ilə bağlı danışıqların sonucları açıqlanandan sonra regionda faktiki olaraq qüvvələr nisbətini dəyişdirə biləcək proseslər aktivləşib.
Gürcüstanda NATO-nun təlim mərkəzi açılır, Türkiyənin silahlı qüvvələri Suriya ilə sərhəddə döyüş hazırlığı vəziyyətindədir və hər an sərhədi keçərək İŞİD-lə kürd terrorçularına qarşı döyüşlərə başlaya bilər, İŞİD terror qruplaşması daha da aqressivləşib və Türkiyəni hədəf göstərib, PKK terrorçuları Türkiyədə sürəkli teraktlar törədirlər və ən nəhayət, ABŞ bölgədəki maraqlarının təminatı üçün daha fəal addımlar atmağa başlayıb.
Təbii ki, bütün bunlar Rusiyanın Ermənistanla "ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi" ilə bağlı müzakirələri az qala qaçılmaz edən amillər sayıla bilər.
Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirməklə yanaşı, təsirini gücləndirmək fikrindədir. Fəqət, Yerevanın ümid və planlarının tam tərsinə olaraq, Moskva bölgədə strateji tərəfdaşı qismində Ermənistanı yox, Azərbaycanı görür.
Ermənistan Moskvaya, sadəcə, hadisələri idarə etmək üçün zərurət yarananda səhnəyə çıxarılan fiqur qismində gərəkdir.
Bunu Ermənistanın "şimal ağası"nını tələblərinə uyğun olaraq qəbul etdiyi qərarlarından sonrakı taleyi göstərir.
İki il əvvəl, 3 sentyabr, 2013-cü il tarixində Serj Sarkisyan Ermənistanın Gömrük Birliyi və nəticə etibarilə, Avrasiya İqtisadi İttifaqına qoşulmaq istədiyini bildirdi və bu qərarını ölkənin iqtisadi maraqları və təhlükəsizlik qayğıları ilə müdafiə etdi.
Ölkənin xarici ticarəti 2013-cü ilin birinci yarısında 2,7 milyard ABŞ dolları, 2015-ci ilin birinci yarısında isə 2,2 milyard ABŞ dolları təşkil edirdi. Beləliklə, xarici ticarət gəlirlərinin 20 faiz azaldığı müşahidə olunur.
2012-ci ildə 2,5 milyard dollar dəyərində olan beynəlxalq ehtiyatlar isə hal-hazırda 1,5 milyarddan da aşağı, yəni 40 faizə qədər düşüb.
Ölkənin 2014-cü ildə 10,3 milyard dollar dəyərində olan ÜDM-si verilən proqnozlara gör, 2015-ci ildə 9,3 milyard dollar olacaq. Burada azalma göstəricisi isə 10 faiz təşkil edir.
Bunların əksinə, xarici borclarda artım müşahidə olunur. Belə ki, 2013-cü ilin avqustunda 4,3 milyard dollar təşkil edən borclar hal-hazırda 4,7 milyard dollardır.
...Ermənistan da, Rusiya da artıq dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində dominant rolu Moskva yox, Vaşinqton oynayır. Və ermənilər üçün nə qədər paradoksal olsa da, ABŞ ilə Azərbaycan münasibətlərindəki zahiri "sərinləşmə"yə rəğmən, Vaşinqtonla Bakı arasında əlaqələr çox böyük sürətlə inkişaf etməkdədir.
Rusiya bu inkişafa mane olmaq, Ermənistandan alət qismində istifadə edərək Bakıya təzyiq göstərmək və proseslərin gedişatına maneələr yaratmaq fikrindədir.
Alınacaqmı?
Bu gün Moskvada Serj Sarkisyanla Vladimir Putin danışıqlarının hansı sonucla bitməsindən asılı olmayaraq, çətin...
7news.az








