RU
“Duzlu göldə” ölümlə nəticələnən “razborka” işi apellyasiya məhkəməsində
23:48
965

“Duzlu göldə” ölümlə nəticələnən “razborka” işi apellyasiya məhkəməsində

“Maşının içərisinə nə üçün baxırsan, ay fuflo?”.

Bakı Apellyasiya Məhkəməsində Zəngilan rayon sakini Azad Orucovun (1990-cı il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

2013-cü il avqustun 25-i, saat 15 radələrində Xəyyam Allahverdiyev (1984-сü il təv.) dostları İntiqam Əliyev və Ruslan Əliyevlə Keşlə qəsəbəsində yerləşən NZS kafesində nahar edib, pivə qəbul etdikdən sonra belinin ağrımasını bildirərək Suraxanı rayonunun Zığ qəsəbəsindəki “Duzlu göl” adlanan əraziyə getməyi təklif edib. 30 yaşlı Xəyyam Allahverdiyev aldığı ağır xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21905” markalı “Jiquli-Qranta” markalı avtomobillə ora gedərkən, yolüstü dörd şüşə pivə alıblar. Gölün ətrafında yerləşən kafenin yanında avtomaşının şüşələrini tam aşağı endirib yüksək səslə bir-birinə nalayiq sözlər işlədib, zarafatlaşarkən oradan keçən, həmin kafedə işləyən Abbas Orucov, onların söyüşlərinin özünə ünvanlandığını güman edib “mənə söyüş söyürsünüz?” deyə soruşub.

Onlar avtomobildən düşüblər, Xəyyam Abbasa “maşının içərisinə nə üçün baxırsan,ay fuflo”, bəlkə ailəmi aparıram, mənimlə təklikdə bacararsan?” deyərək, onunla mübahisə etməyə başlayıb, bu zaman İntiqamla Ruslan tərəfləri sakitləşdirməyə çalışıb.

Bu zaman kafedən 40-50 metr aralıda dayanıb, siqaret çəkən Azad Orucov qardaşı Abbasın tanımadığı şəxslərlə mübahisə etdiyini görüb iti addımlarla, ora yaxınlaşıb və xuliqanlıq niyyəti ilə əlində olan, istintaqa məlum olmayan dəmir tərkibli küt əşya ilə Allahverdiyevin baş nahiyəsindən zərbə endirib.

Həmin gün saat 16 radələrində Suraxanı RPİ 30-cu polis bölməsinə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən 7 saylı Təcili tibbi yardım stansiyasından bir nəfər şəxsin dostları tərəfindən xəsarətlə “Duzlu Göl” deyilən ərazidən gətirilməsi barədə məlumat daxil olub. Bununla əlaqədar polis əməkdaşları ora gediblər və onlara Xəyyam Allahverdiyev soyadlı şəxsin artıq keçinməsi məlum olub.

Təyin olunan məhkəmə-tibb ekspertizasının rəyinə görə, mərhumun ölümünə qapalı kəllə-beyin travması nəticəsində beyin toxumasına və qişalarına geniş qansızma səbəb olub. Onun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 1,7% etil spirti aşkar edilib ki, bu da canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilib.

Hadisə ilə bağlı həmin gün Azad Orucov könüllü olaraq 30-cu polis bölməsinə gələrək, baş vermiş hadisəni danışıb. Onun barəsində CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə prosesində Azad Orucov elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində, qardaşı Abbasla birlikdə “Duzlu göl”ün ətrafında olan kafedə işlədiyini göstərib. Həmin gün Abbasla mübahisə edən şəxslərin yanına onları sakitləşdirmək üçün yaxınlaşıb, sonradan adını bildiyi Xəyyam “Sən kimsən?” deyərək onu da söyüb, onun yadında olan Ruslan və İntiqam Xəyyamın əvəzinə Abbasdan üzr istəyiblər. Buna baxmayaraq Allahverdiyev əlindəki pivə şüşəsi ilə üstünə gəlib, onu vura biləcəyini düşünən Azad şüşə qabını əlindən alıb, kənara atıb, sonra isə Xəyyamın yaxasından yapışaraq özü tərəfə çəkib, arxaya itələyib.

Həmin an sonuncunun başı ağ rəngli “VAZ” markalı avtomobilin sürücü tərəfdə olan qabaq farasına dəyib, zərbədən şüşə sınıb və Xəyyamın başı qanayıb. İntiqamla Ruslan Azada yumruq atıblar, o isə “dava vaxtı deyil, tez onu aparın xəstəxanaya” deyib.

Azad Orucov onunla birlikdə Abbasın da cinayət məsuliyyətinə cəlb oluna biləcəyindən qorxaraq, əvvəl ifadəsində Xəyyamın onunla mübahisə etdiyini göstərib, lakin əslində mərhumun “razborkası” qardaşı ilə olub, mübahisənin hansı səbəbdən baş verməsini isə hadisədən sonra öyrənib. Mübahisə vaxtı onun, Abbasın, İntiqamın və Ruslanın əllərində silah qismində istifadə edilən hər-hansı bir əşya olmayıb, yalnız Xəyyamın əlində pivə şüşəsi olub.

Xəyyamın cibində və yaxud maşınında 6100 dollar məbləğində pulun, o cümlədən bankomat kartının olub-olmamasından xəbəri olmayıb, həmçinin mərhumun boynunda qızıl sepin olmasına fikir verməyib. Təqsirləndirilən şəxs Xəyyam Allahverdiyevə ağır və ya hər-hansı bir xəsarət yetirmək niyyətinin olmadığını bildirib, buna baxmayaraq yenə də baş vermiş hadisədən peşman olduğunu qeyd etməklə, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.

Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxsin hüquqi varisi Sənəm Allahverdiyeva oğlu Xəyyamın taksi fəaliyyəti ilə məşğul olduğunu deyib.

O bildirib ki, Xəyyam öldürüldükdən sonra üzərində olan pul, boynundakı sep, özünə və arvadına məxsus 4 ədəd bank kartları yoxa çıxıb. Allahverdiyeva hesab edib ki, oğlunun yanında olan Ruslanla İntiqam bundan istifadə edərək onları götürüblər. Zərərçəkən təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını və ona ağır cəza verilməsini xahiş edib.

Şahid qismində dindirilmiş İntiqam Əliyev və Ruslan Əliyev Xəyyamın cibində və yaxud maşınında 6100 dollar pulun olub-olmamasından xəbərləri olmadığını bildiriblər. Onların fikrincə həmin məbləğdə pul olmayıb, əgər Allahverdiyevin pulu olsaydı NZS-də içdikləri pivənin dəyərini ödəmək üçün o Ruslandan daha 6 manat pul istəməzdi. Mərhumun boynunda həmişə nazik qızıl sep olub, lakin sepin sonradan necə olması barədə məlumatları olmayıb.

Prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən Azad Orucovun 14 il 6 ay müddətinə cəzalandırılmasını istəyib.

Xəyyam Allahverdiyevi qəsdən öldürməsi barədə istintaq orqanının gəldiyi nəticə iş üzrə toplanmış sübutlara əsaslanmadığından məhkəmə hesab edib ki, Azad Orucovun əməli prokurorluq tərəfindən CM-nin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməyib. Məhkəmə tərkibi qənaətə gəlib ki, təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində qanunla müəyyən olunmuş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən hər iki tərəf şikayət, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.

İşin baxışı dekabrın 1-nə təyin olunub.

 7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ