İngiltərənin nüfuzlu "Chartered İnstitute of Public Relations” (CİPR) İnstitutu Azərbaycan Respublikası Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru və mətbuat katibi Cəmalə Əliyevaya bu İnstitutun akreditə olunmuş PR mütəxəssisi (CİPR Accredited PR Practitioner) statusu verib. Cəmalə Əliyeva hazırda CİPR-ın üzvü olan yeganə azərbaycanlıdır.
Bu statusa CİPR-ın üzvü olan, iki il ərzində PR sahəsində bilik və bacarıqlarını artırmaq üçün tələb olunan müxtəlif fəaliyyət növlərini həyata keçirərək (CPD activities) hər il 60 bal olmaqla, ümumilikdə 120 bal toplayan şəxslər layiq görülür.
Cəmalə Əliyeva 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışır. 2013-cü ildə Azərbaycan Mətbuat Şurası tərəfindən "Azərbaycan mediası ilə səmərəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə” diplomla təltif edilib.
O, Böyük Britaniyanın Birmingham Universitetində Dövlət İdarəçiliyi və İnkişaf ixtisası üzrə magistr , Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi İdarəetmə üzrə bakalavr dərəcəsi alıb. Cəmalə Əliyeva həmçinin Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə təhsil alıb. /ann.az
7news.Az








