Müstəqil Azərbaycan Respublikası bu günkü gücü, qüdrəti yoxdan var olmayıbdır. Əlbəttə ki, ölkəmizin inkişafı üçün canlarından keçən, həyatını məhz xalqının, Vətəninin inkişafına həsr edən böyük şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqı hər zaman bu şəxsiyyətləri dərin hörmət və ehtiramla anmışdır. Heydər Əliyev öz həyatını, fəaliyyətini Vətəninə həsr edən, Vətəninin, torpağının mənafeyini hər zaman üstün tutan dahil lider olaraq xalqımızın yaddaşında dərin iz qoymuş və ümummilli lider adını əbədi olaraq qazanmışdır.

Ümummilli lider Heydər Əliyevin hər zaman kəlamlarında da Vətəninə , qurucusu
olduğu Aəzrbaycanına bağlılığını ifadə etmişdir: "Azərbaycanlı kimi dünyaya gəldiyimə,
Azərbaycan dilində danışdığıma, Azərbaycan kimi Vətənim olduğuna, Azərbaycanı təmsil
etdiyimə görə özümü həmişə xoşbəxt saymışam”.
Bu gün Heydər Əliyev - əsl azərbaycanlı, tarixi şəxsiyyət haqqında yazı yazmaq
mənə bir gənc kimi çox böyük şərəf və qürur hissi gətirir.
1993-cü ilin 15 iyun tarixi xalqımızın yaddaşına əsl Qurtuluş tarixi kimi
yazılıb. Bu tarixi yaradan isə ulu öndər Heydər Əliyevdir. "Müasir müstəqil Azərbaycan
Ümummilli Liderin şah əsəridir” tezisi də məhz həmin dövrün reallıqları əsasında
formalaşaraq bugünkü günümüzdə atılan addımların əsasında dayanır. Dahi şəxsiyyət
Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir.
Əgər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə
qalmış ölkəsindən ən qabaqcıl respublikasına çevirmişdisə, 1993-cü ildə xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə
yetirərək ölkəmizi, müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək
təhlükəsindən xilas etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
inkişafın sarsılmaz təməlləri qoyuldu. Bu gün elə bir sahə yoxdur ki, biz onun
haqqında danışanda Ulu Öndər Heydər Əliyevi ehtiramla və hörmətlə anmayaq.
Çünki müasir müstəqilliyimizin bütün sahələrinin inkişafı, tərəqqisi məhz onun
adı ilə bağlıdır. Elmdən səhiyyəyə, iqtisadi inkişafdan ordu quruçuluğuna qədər
hər bir profildə Ulu Öndərin fəaliyyəti ölkəmizin mövcudluğunu təmin etmişdir.
Lakin bir məqamı unutmamaq lazımdır ki, bütün inkişaf tendensiyaları üçün məhz
stabil siyasi mühit lazımdır. Yəni inkişafı təmin edən əsas məqam mühitin
formalaşmasıdır. Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzu gerçəkləşdirməklə
gələcək inkişafımız üçün münbit və stabil şərait yaratmış oldu.
Dahi şəxsiyyət haqqında söz deməyin və onun dediklərini şərh etməyin asan
olmadığı bəlli bir həqiqətdir. Dahi şəxsiyyət haqqında nitq söyləmək, yazı
yazmaq çox böyük məsuliyyət və cəsarət tələb edir. Deyilən söz yüz dəfələrlə
ölçülüb-biçilməlidir. Bununla belə, danışmaq istəyən şəxsin ideyaları şəxsiyyətin
dühasından qidalandıqda bütün bu çətinliklər aradan qalxır, fikirlərin dumanlığı
qarşısında işıqlı bir yol açılır.
"Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlı-ğının
və xoşbəxtliyinin yolunda həyatını verən insanlardır”. Heydər Əliyevin diliylə
deyilən bu sözləri, məhz mən bu gün dahi şəxsiyyətin özünə aid etmək istərdim.
Milli iftixarımız, xalqımızın böyük oğlu Heydər Əliyev siyasət nəhənglərindən
biri kimi müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmışdır. Azərbaycanlılar
üçün o, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və
öndəridir.
İndiki yaşlı, orta və gənc nəsil Heydər Əliyevi uzun illər dövlətin əvəzsiz rəhbəri
və öndəri kimi tanımışdır. Qüdrətli, şəxsiyyətilə seçilən, qeyri-adi siyasi
istedada malik Heydər Əliyevi xalqına bağlayan tellər olduqca möhkəm idi. Ona dərin
hörmət bəsləyən, xidmətlərinə dəyər verən hər bir azərbaycanlı onu öz ailəsində,
həyatında görür və hiss edir.
Bu gün Azərbaycan xalqının ən böyük arzusu reallaşıb. İndi dünyanın siyasi xəritəsində
müstəqil Azərbaycan Respublikası adlı bir dövlətin də adı var. Demokratik
inkişaf yolunu müəyyənləşdirmiş bu dövlətin dünənində və bu günündə dünyanın ən
böyük siyasətçilərindən biri olan Heydər Əliyevin möhürü vardır.
Ümummilli lider Heydər Əliyev bütün Azərbaycan xalqının əbədiyaşar öndəridir,
dövlətimizin qurucusu və memarıdır. Doğrudan da, müstəqil Azərbaycan
Respublikası Heydər Əliyevin şah əsəridir. Onun davamçısı, ideyalarının
reallaşması uğrunda ardıcıl siyasət yürüdən, bu şah əsəri Ulu Öndərin
arzuladığı zirvəyə çatdırmaq üçün çalışan Prezidentimiz İlham Əliyev bu salnamənin
– yeni tariximizin ən parlaq səhifələrini xalqımıza güvənərək xalqdan güc
alaraq yaşadacaqdır.
Bəli, bu gün İlham Heydər oğlu Əliyev xalqımız qarşısında üzərinə götürdüyü şərəfli,
şərəfli olduğu qədər də ağır vəzifənin öhdəsindən bacarıqla gəlir, atasının müəyyən
etdiyi və özünün son dərəcə praqmatik düşüncə, idarəetmə məharəti, liderlik
istedadı ilə sahib durduğu siyasi kursu bacarıqla davam etdirir.
Orxan Mustafazadə
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.8








