Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının yanvarın 25-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müdafiə Nazirliyinin Qum adasında yerləşən "N" saylı hərbi hissəsindən oğurluq edən şəxslər yaxalanıb.
7news.Az azpolitika.info-ya istinadən bildirir ki, 1968-ci ildə Masallı rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində qeydiyyatda olan Vəliyev Sakit Şəkər oğlu bir qrup şəxslə əlbir olaraq, hərbi hissədən 600 m elektrik naqilini və dəmir dirəkləri oğurlayaraq, 10 DU 504 dövlət qeydiyyat nişanlı "QAZ-24" markalı avtomaşınla apararkən, polis əməkdaşları tərəfindən yaxalanıb. Hazırda Surxanı RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
İşin maraqlı tərəfi odur ki, saxlanılan şəxs - Sakit Vəliyev vaxtilə AXCP-nin fəal üzvlərindən olub və 2004-cü ildə Cinayət Məcəlləsinin 177.2.3-2, 177.2.3, 220.1, 315.2 və 66.3-cü maddələriylə həbs edilib, 2005-ci ildə isə prezident İlham Əliyevin əfv fərmanıyla azadlığa çıxıb.
Sakit Vəliyevlə saxlanılan digər şəxslərin də AXCP üzvləri olub-olmadıqları haqda hər hansı məlumat verilmir.
7news.Az








