RU
Əhaliyə leş əti satmaq istəyənlər tutuldu
16:53
977

Əhaliyə leş əti satmaq istəyənlər tutuldu

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən verilən xəbərə görə, dekabrın 28-də belə bir reyd Lənkəran Rayon Baytarlıq İdarəsi tərəfindən aparılıb. Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Lənkəran rayonunun Osakücə kəndinin meşə ərazində ölmüş 3 baş heyvan cəmdəyi Masallı sakinləri (özlərini qəssab adlandırırlar) tərəfindən xüsusi maşında daşınarkən aşkar edilib.

Aşkar edilmiş heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi (rəngi dəyişmiş, qeyri-spesifik iyə malik olduğu) məlum olub. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndərilib.

Laboratoriya müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcək./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ