Hindistanın Andra Pradeş ştatında fəaliyyət göstərən orta məktəblərin biri öz unikal xüsusiyyəti ilə diqqət mərkəzinə düşüb. Buna səbəb, təhsil ocağındakı əkizlərin çoxluğudur. 29 əkizin təhsil aldığı məktəbdə hərdən müəllimlər də şagirdləri səhv salır.
Çittor şəhərindəki təhsil ocağı əkizlər məktəbi kimi tanınsa da, əkiz uşaqları tədrisə cəlb etmək siyasəti yürütmür. Yəni, bu qədər əkiz uşaq təsadüfən eyni məktəbdə təhsil almağa başlayıb. Əkiz məktəblilərin eyni paltarları geyməsi isə hərdən xırda anlaşmazlıqlara səbəb olur.
Əkizlərin çox olduğu məktəbdə indiyədək hansısa imtahanda saxtakarlıq qeydə alınmayıb. Bir-birinə oxşadıqlarına görə özləri ilə qürur duyduqlarını deyən əkizlər indiyədək bu oxşarlıqdan sui-istifadə etməyiblər. Müəllimlər də əkizlərin davranışlarından razıdır. Hər il əkizlər günündə onlar üçün bayram şənliyi təşkil edən məktəb rəhbərliyi əvvəllər şagirdlər arasında nadir halda əkizlərə rast gəldiklərini bildirib. Bu məktəbdə əkizlərin sayının sürətlə artması son 10 ildə qeydə alınıb.
Məktəb əkiz məktəblilərin sayına görə ölkənin rekordlar kitabına düşməyə real namizəddir. Bunun dünya rekordu olub-olmadığı isə məlum deyil.
7News.Az








