“Bu məhsulların büdcə gəlirlərində xüsusi çəkisi heç 1% də deyil”.
Ötən il ərzində bir çox Məcəllələrə dəyişikliklər edildi. Ən çox dəyişiklik edilən Məcəllə isə sözsüz ki, Vergilər Məcəlləsi oldu və edilən dəyişikliklər 2016-cı ilin ilk günündən qüvvəyə minmiş hesab edildi. Bunların arasında ən çox müzakirə olunan isə spirtli içkilərin plastik kart vasitəsilə satılması məsələsi oldu.
Qüvvəyə minmiş yeni dəyişikliklər bazara necə təsir göstərə bilər? Bundan başqa, sirr deyil ki, şəhərdən kənarda yaşayan vətəndaşların plastik kartdan istifadə alışqanlığı yoxdur, bu sözsüz ki, satışların azalmasına təsirsiz ötüşə bilməzdi.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev Vergilər Məcəlləsinə edilən dəyişikliyin bazara təsirini ümumi olaraq bu cür şərh edib:
“Yeni dəyişikliklər sahibkarlığın xüsusilə kiçik və orta sahibkarlığın inkişafına daha da stimul verəcək. Amma bəzi dəyişikliklərin sahibkarlığın inkişafını çətinləşdirəcəyi də istisna deyil”.
Bundan başqa, O.Haqverdiyev qeyd edib ki, spirtli içkilərin plastik kart vasitəsilə satılması bu məhsulların satışlarını azaldacaq:
“Birincisi, bu gün hər kəsin plastik kartı yoxdur. Bu da çox güman ki, satışların azalmasına gətirib çıxaracaq. İkincisi də bu halın qeyri-leqal satışların artmasına səbəb olacağı istisna deyil”.
Haqverdiyev onu da qeyd edib ki, alkoqollu içkilərin büdcə gəlirlərində xüsusi çəkisi 1% deyil:
“Alkoqollu içkilərin büdcə gəlirlərində xüsusi çəkisi heç 1% də deyil. Bununla Hökumət çalışır ki, nağdsız ödənişlərin həcmini artırsınlar. Ümumiyyətlə, bu gün hər bir ödəniş nağdsız olmalıdır. Amma buna məcburi deyil, insanları maarifləndirmək yolu ilə keçmək lazımdır”.
Öz növbəsində iqtisadçı-ekspert Vüqar Bayramov spirtli içkilərin kart vasitəsilə satışının artıq bazara təsir etdiyini qeyd edib:
“Spirtli içkilərin plastik kart vasitəsilə satılması ilə əlaqədar dəyişiklikdən sonra, yanvarın ilk günlərində həmin məhsulların satılmasında ciddi bir durğunluq yarandı.
Hələ də bu çətinlik qalmaqdadır. Xüsusən spirtli içkidən istifadə edənlərin böyük bir qismi nisbətən yaşlı nəsildir, onların plastik kartları isə yoxdur. Plastik kartları olmadığı üçün bu qaydanın tətbiq edilməsi onların spirtli içki almasını mümkünsüz edib.
Nəzərə alsaq ki, mövcud qanunvericiliyə əsasən, cərimələr yüksəkdir. Belə ki, 50 manatadək kartsız spirtli içki satılırsa bu zaman 100 manat cərimə olunacaq, 50 manatdan artıq olduqda isə sahibkar cinayət məsuliyyətinə cəlb ediləcək”.
Bayramov həmçinin qeyd edib ki, sahibkarlar artıq çıxış yolu tapıblar:
“Azərbaycanlı sahibkarlar həmişə innovativdilər. Bizdə olan məlumata görə, artıq sahibkarların bir qismi plastik kart alıblar. Spirtli içki almağa gələn şəxsin plastik kartı yoxdursa, ondan nağd ödəniş alır və öz plastik kartları ilə ödəniş edirlər.
Bu isə qanunvericiliyə zidd deyil. Qanunvericiliyə əsasən plastik kart vasitəsilə ödəniş həyata keçirilməlidir”.
“Amma spirtli içkilərin kart vasitəsilə satışında əsas məqsəd vergidən yayınmağın qarşısını almaqdır. Etiraf etmək lazımdır ki, bu sahədə vergidən yayınma halları yüksəkdir”, - deyə, o, əlavə edib.
V.Bayramov qeyd edib ki, cərimələr sərt olduğundan satıcılar qeyri-leqal yol ilə satış etməkdə ehtiyatlanırlar:
“Cərimələr yüksək olduğu üçün sahibkarlar ehtiyatlanır.
Qeyd edim ki, artıq onların bəzisi məsələdən çıxış yolu tapıblar. Düzdür, hazırda bu bazarda durğunluq var. Amma çox güman ki, bu durğunluq yanvar ayının ikinci yarısınadək öz həllini tapacaq”.
Bundan başqa, ekspert əlavə edib ki, yanvarın 1-dən qüvvəyə minən dəyişiklik əsasən, mənzil bazarına psixoloji təsir edib:
“Yeni dəyişikliklər ən çox mənzil bazarına təsir edib. Bazara psixoloji təsir var. Amma bütövlükdə, sadələşdirilmiş və gəlir verigisinə Məcəllədə edilən dəyişiklik sahibkarlığın və vətəndaşların maraqlarına xidmət edir”./oxu
7news.az








