"Bu gün ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə sizi təbrik edirəm. Eyni zamanda, bu gün məktəbin həyatında çox əlamətdar bir gündür. Məktəbin yeni binası tikilib istifadəyə verilir. Bu münasibətlə də sizi təbrik edirəm”.
7News.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimindəki çıxışında deyib.
"Bu əlamətdar hadisə onu göstərir ki, Azərbaycan dövləti təhsil sisteminin inkişafı üçün bütün lazımi tədbirləri görür. Məktəbin əvvəlki binası ilə bağlı mənə məlumat verildi. İndiki bina əsaslı şəkildə fərqlənir. Çox gözəl, keyfiyyətli tikilib. Burada ən müasir avadanlıq quraşdırılıb. İndi müəllimlərin də şəraiti yaxşılaşıb. Uşaqlar da yaxşı məktəbdə oxuyacaqlar. Yəni, burada bütün standartlar ən yüksək səviyyədədir. Son illər ərzində Azərbaycanda tikilən və əsaslı təmir olunan məktəblərin şəraiti bax belədir. Bu il Bakı şəhərində on orta məktəb və peşə məktəbi əsaslı təmir edilmişdir. Yeni korpuslar tikilmişdir. Bir məktəb - 311 nömrəli bu məktəb üçün isə yeni bina tikilmişdir.
Son 4-5 il ərzində Bakı şəhərində məktəblərin mütləq əksəriyyəti əsaslı təmir olundu. Hələ ki, təmirsiz 17 məktəb var. Biz gələn il və 2018-ci ildə onları da təmir edəcəyik. Eyni zamanda, bəzi məktəblərdə uşaqlar iki növbədə oxuyurlar, o cümlədən bu məktəbdə. Ona görə, bizim məqsədimiz ondan ibarətdir ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər. Əlbəttə, buna nail olmaq üçün ya yeni korpuslar, ya da yeni məktəblər tikilməlidir, o cümlədən bu ərazidə. Düzdür, burada yerlə bağlı problemlər var. Ancaq yerli icra hakimiyyətinə göstəriş verdim ki, baxsınlar, araşdırsınlar, bu ərazidə harada mümkündürsə orada yeni məktəb tikilsin. Beləliklə, Bakı şəhərinin məktəblərinin maddi-texniki bazası tam yeniləşəcək”.
Dövlət başçısı bildirib ki, son on il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib: "Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq. Bütün bu işlər əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Ona görə, biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik”.
Prezident əlavə edib ki, təhsil hər bir dövlətin gələcəyidir: "Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun.
Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, insanlar hazırlıqlı, gənclər bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.
Əlbəttə ki, müəllimlərdən və şagirdlərdən çox şey asılıdır. Şagirdlər bilməlidirlər ki, həyatda yaxşı yer tutmaq və Vətənə daha böyük fayda gətirmək üçün yaxşı oxumalıdırlar. Əlbəttə ki, müəllimlər bu əsas yükü öz üzərinə götürüblər. Ona görə də məktəb tikintisi həm şagirdlər, həm də müəllimlər üçündür. Bura müəllimlərin iş yeridir. Belə gözəl şəraitdə işləmək, əlbəttə, hər bir insana zövq verir. Biz gələcəkdə də bu məsələlərin həlli ilə bağlı lazımi tədbirləri görəcəyik.
Eyni zamanda, bizim gənc nəslimiz vətənpərvər olmalıdır, milli ruhda böyüməlidir. Burada da əlbəttə ki, müəllimlərdən çox şey asılıdır. Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bu gün bu, belədir. Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Xüsusilə nəzərə alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya xəzinəsinə çox böyük töhfələr veribdir, tarix boyu bizim görkəmli nümayəndələrimiz dünya üçün böyük işlər görmüşlər”.








