Son bir ay ərzində artıq ikinci nazirin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən tutduğu vəzifədən azad edilməsi cəmiyyətdə müzakirə olunan ən aktual məsələlərdəndir.
Oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun ardınca, bu gün, noyabrın 12-də dövlət başçısının sərəncamına əsasən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da vəzifəsindən kənarlaşdırılıb.
Ə.Abbasovun işdən çıxarılacağı ilə bağlı versiyalar onun rəhbərlik etdiyi nazirliyin bir neçə rütbəli şəxsinin həbsindən sonra səsləndirilməyə başladı. Xatırladaq ki, nazirliyin bir neçə əməkdaşı MTN-nin sabiq rəhbəri Eldar Mahmudov və onun öz ətrafında yaratdığı qrupun qeyri-qanuni əməllərinin ifşasından sonra həbs ediliblər.
Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb etmişdir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan Prezidentinin etimadını doğrultmamış, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaratmışdır.
Prezident İlham Əliyev, ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olmuşlar.
İlkin araşdırmalar göstərmişdir ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb.
Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN “generalları” da yaxından iştirak etmiş, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.
Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) yoxlamalar aparır. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.
APA-nın verdiyi məlumata əsasən, başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov var.
Eyni zamanda nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da həbs edilib.
Həbs edilənlər Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
Araşdırmaların nəticələrinə uyğun olaraq qanuna zidd əməllərdə iştirak etmiş şəxslər barədə qəti imkan tədbirləri həyat keçirilir və gələcəkdə də keçiriləcəkdir.
Azərbaycan Prezidenti, ölkə rəhbərliyi korrupsiya, rüşvətxorlu və digər bu kimi neqativ halların aradan qaldırılması üçün böyük siyasi iradə nümayiş etdirir.
Bundan sonra da Azərbaycan qanunlarına sayğısızlıq nümayiş etdirən hər kəsin aqibəti Eldar Mahmudov, Əli Abbasov və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək.
Ölkədə vətəndaşların qanuni haqlarını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığa, biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq./Gun.az
7news.az








