Ana dili bir toplumu digərindən fərqləndirən, müdafiə edən ən mühüm vasitədir. Hər bir dövlət dilin qorunmasında xüsusi qayğı göstərməlidir. Necə ki, bu gün Prezident İlham Əliyev başda olmaqda dövlət dilə bu qayğını göstərir. Dil dövlətin hüquqi-siyasi statusunu daşıyır və dövlətin əsas atributudur”.
7News.Az xəbər verir ki, bu sözləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Elektron Mediaya Yardım Fondu və Kütləvi informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında avqust-sentyabr aylarında aparılmış monitorinqlərin nəticələrinə dair konfransda çıxışı zamanı deyib.
Ə.Həsənov həmçinin Azərbaycan dilinin qədim tarixə malik, orta əsrlərdən hüquqi-siyasi statusa malik olduğunu deyib: "Azərbaycan dili yoxdur" deyənlərə müraciət edərək bildirmək istəyirəm ki, bu dilin qədim tarixi var. Azərbaycan dili hüquqi siyasi statusunu orta əsrlərdə Şah İsmayıl Xətainin qərarı ilə qazanıb. Daha sonra Nadir Şah, xanlıqlar dövründə də Azərbaycan dili dövlət dili olub. XIX-XX əsrin maarifçiləri milli dildə mətbuat yaradaraq azərbaycanlı olduğumuzu və dilimizin Azərbaycan dili olduğunu çatdırıb. Xalq Cumhuriyyəti qurucuları dövlət yaradan kimi dilə hüquqi-siyasi status verdilər. Sovet dövründə SSRİ konstitusiyası qəbul olunanda ümummili lider Heydər Əliyevin israrı ilə Azərbaycan dili dövlət dili oldu. Müstəqillik dövründə yenidən Azərbaycan dili dövlət dili kimi qəbul edildi”.
Ə.Həsənov bildirib ki, müstəqil Azərbaycanın dil siyasəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Şöbə müdiri vurğulayıb ki, bu dilin tarixi hər bir azərbaycanlının Azərbaycan dilinin qorunmalı olduğunu göstərir:
"Bu dili xalq, dövlət qorumalıdır. Müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə yenilənməsi dilimizi genişləndirməklə yanaşı, dilə bəzi qüsurlar yaradır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən dilin qorunması ilə bağlı sərəncam imzalanıb. Həmin sərəncamda dilin tətbiqi ilə bağlı nöqsanlar yer alıb. Təəssüf ki, Prezident sərəncamında sadalanan problemlər bu gün də mövcuddur. Bu günlərdə Prezidentin fərmanı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi dil qüsurları ilə bağlı monitorinqlərin arealını genişləndirəcək. Monitorinq Mərkəzi dövlət dilinin tətbiqi zəruri olan sahələr dövlət qurumları, bağçalar, məktəblər ali təhsil müəssisələri, kütləvi informasiya vasitələrində, xalq arasında, ictimai yerlərdə dövlət dilinin istifadəsi və tətbiqi ilə bağlı təhlil aparacaq. Dövlət dilinin qorunmasında əsas yük məmurların üzərinə düşür. Xüsusən də, akademiklər, alimlər, elmi işçiləri, təhsil müəssisələri, kütləvi informasiya vasitələri bu məsələdə daha çox məsuliyyət daşıyır. Məmurun xarici dili bilməsi üstünlüyüdür. Milli dili bilməməsi onun qəbahətidir. Məmur xarici dili bilmirsə çatışmazlıqdır, lakin bu qəbahət deyil. Lakin ana dilini bilməmək qəbahətdir. Bu tələb vətəndaşlarımıza, jurnalistlərimizə də aiddir”.
7News.Az








