Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Parlament seçkilərində gənclərin fəallığı ilə bağlı gənclər təşkilatları ilə görüş keçirilib.
7News.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri, digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda keçirilən seçkilərdə gənclərin aktiv iştirakından, gənclərimizin dövlətçilik ənənələrinin inkişafındakı rolundan, yeni nəslin əsl vətənpərvər vətəndaş kimi böyüməsindən danışıb.
İlk olaraq Mərkəzi Seçki Kommisiyadının sədri Məzahir Pənahov çıxış edərək gənclərin hər zaman seçkilərdə aktivliyinin çox önəmli olduğunu deyib: “Gənclər ölkəmizi dünyada düzgün təbliğ etməlidir. Bu işdə yaşlı nəslin də üzərinə böyük məsuliyyət düşür. Yaşlı nəsil gəncləri düzgün istiqamətləndirməlidirlər”.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov çıxış edərək ilk dəfə səs verən gənclərin seçkilərdə aktiv iştirakının əhəmiyyətindən danışdı: “Azərbaycan Respublikasında həyata keçirilən ən uğurlu siyasətlərdən biri də məhz gənclər siyasətidir. Bu gün Azərbaycan güclü gənclər ordusu formalaşıb. Bu gün Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi formalaşıb. Cənab Prezident dönə-dönə qeyd edir ki, bizə ölkəsinə sahiblik etmək hissi olan, ölkəsini dünyada uğurla təmsil etməyi bacaran, ölkədə baş verən müxtəlif proseslərdə fəal iştirak edən gənclər lazımdır. Hesab edirəm ki, bütün Azərbaycan gəncliyi seçki proseslərində fəal şəkildə iştirak etməlidirlər. Biz Sizdən başqa şey istəmirik. Sadəcə gördüklərinizi olduğu kimi təbliğ edin. Hesab edirəm ki, Siz təbliğat-təşviqat kampaniyalarında, bütövlükdə bütün seçki proseslərində fəal iştirak etməklə həm də vətəndaşlıq mövqeyi ortaya qoymuş olursunuz. Bizim məqsədimiz Azərbaycan adlı dövləti qorumaq, maraqlarını müdafiə etmək və bu maraqlara söykənərək siyasət yürütməkdən ibarətdir”
Sonda çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan gənclər siyasəti, Parlament seçkilərində gənclərin iştirakının önəmliliyi haqqında danışıb.
Daha sonra Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri mövzu ətrafında çıxışlar edib.








