RU
Əli Həsənovun məqaləsi “Science and world” jurnalında
20:18
258

Əli Həsənovun məqaləsi “Science and world” jurnalında

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Rusiyada çap olunan nüfuzlu “Science and world” jurnalının sentyabr nömrəsində (№ 9 (25)) ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərindən bəhs edən elmi məqaləsi ingilis dilində dərc edilib.

7news.az Azərtac-a istinadən xəbər verir ki, məqalədə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti geniş təhlil edilir.

Müəllif məqaləsində göstərir ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.

Professor Əli Həsənov qeyd edir ki, Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü ildə muxtar vilayət statusu verildi və bu hadisə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olub. Bununla da sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni muxtariyyətə malik olub, ancaq Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atıb, lakin istəyinə nail ola bilməyib.

Tarixçi alim diqqətə çatdırır ki, bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda, dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ümumilikdə müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) çoxsaylı terror aktları törədilib. Nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb. Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Müəllif faktlara və rəqəmlərə əsasən göstərir ki, işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılıb, talan edilib və yandırılıb. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib.

Məqalədə bildirilir ki, münaqişənin ədalətli həlli və işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Vurğulanır ki, bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib.

Professor Əli Həsənovun məqaləsinin Rusiyada çap olunan nüfuzlu “Science and world” jurnalında dərc edilməsi təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünyaya çatdırılması və ifşa olunması baxımından əhəmiyyətlidir.

7news.az

Əli Həsənovun məqaləsi “Science and world” jurnalında

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ