RU
Əlil idmançıların klubu darmadağın edilib
11:55
11820

Əlil idmançıların klubu darmadağın edilib

Azərbaycanda fəaliyyət göstərən məşhur “Qələbə” idman klubunun ofisi yerlə-yeksan edilib. Həmin vaxt klubda əlil idmançılar da olub və onların həyatı təhlükəyə atılıb.

Bu barədə klubun prezidenti Elnur Şıxəliyev məlumat verib. Onun sözlərinə görə ölkə prezidenti İlham Əliyevin idman sahəsinə xüsusi diqqət göstərdiyi vaxtda belə bir dəhşətli hadisənin baş verməsi idmançılar arasında anlaşılmazılıq yaradıb. Elnur Şıxəliyev bildirir ki, o, Azərbaycan Body Buildinq Federasiyasının rəsmi idmançısıdır, dəfələrlə Respublika çempionatlarının iştirakçısı, mütləq çəki dərəcəsində ikinci yerin qalibi, birinci Avropa Oyunları çərçivəsində ilk dəfə olaraq keçirilən body buildinq üzrə çempion olub: “2013-cü ildə Ağsuda Parolimpiya komitəsinin təşkilatçılığı ilə əlillər arasında çempionat keçirilirdi, orada bizim klubumuz ən yüksək nəticələr əldə etdi. İki idmançımız ulu öndərin xatirəsinə həsr olunmuş powerliftinq üzrə dünya kubok yarışında və Avropa çempionatında birinci yeri tutub. Biz orada idmançılar üçün hər bir şərait yaratmışdıq. Klubun tərkibində parolimpiya da var. Əlillər üçün müasir standartlara uyğun avadanlıqlar almışdıq, lazımi şərait yaratmışdıq. Fiziki məhdudiyyətli insanlar klubda qalıb məşq edirdilər. Hətta qalanları da olurdu. İdman ölkə prezidenti İlham Əliyevin də diqqət mərkəzində olan bir sahədir, biz prezidentin idman siyasətini davam etdiririk, məqsədimiz idmançı yetişdirmək idi”. 

Elnur Şıxəliyevin bildirdiyinə görə, Yasamal Rayon Zərdabi prospekti 593-cü məhəllədə yerləşən klub 2014-cü ilin may ayında sökülüb: “Dəfələrlə klubun yerləşdiyi əraziyə gəlib, buranın uçurulacağını deyirdilər. Bildirdim ki, ölkə prezidentinə müraciət edəcəyəm. Xeyri olmadı, dedilər, ürəyin kimə istəyir deyə bilərsən, klub söküləcək, vəssalam”.

Əvvəl Qold Masterss adı ilə fəaliyyət göstərdiyini, 2013-cü ildə isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra “Qələbə” ağır atletika idman klubu adlandığını deyən klub prezidenti qeyd edir ki, klubun ərazisini “Əşrəfoğlu” adlı bir şirkət alıb. 

Əlillərin qazandığı medalları ayaq altından yığıb evə aparan idmançı ümidinin yalnız ölkə prezidentinə qaldığını deyir: “Mən məcbur olub prezidentə, Mehriban xanıma, Ramil Usubova, Zakir Qaralova məktub yazsam da heç birindən cavab gəlmədi. Cənab Prezidentin bu məsələdən xəbəri olsa əminəm ki, öz həllini tapardı. Çox istəyirəm ki, səsim cənab prezidentə çatsın”.

Qeyd edək ki, bu işdə ölkədə tanınmış məmurlardan birinin adı hallanır. Məlumat dəqiq olmadığından adı növbəti yazımızda qeyd edəcəyik









BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ