Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin üçtərəfli formatda sammiti keçiriləcək.
7News.Az xəbər verir ki, artıq İran lideri Həsən Ruhani dünəndən ölkəmizdə rəsmi səfərdədir. Səfərdən öncə verdiyi açıqlamasında Ruhani Azərbaycanla əlaqələrin son illər genişləndiyini, Rusiya ilə əlaqələrin isə strateji məqsəd daşıdığını vurğulamışdı.
Rusiya prezidenti Vladimir Putin bu gün, avqustun 8-də Azərbaycan və İranın dövlət başçıları İlham Əliyev və Həsən Ruhani ilə görüşmək üçün Bakıya səfər edəcək.
Dövlət başçıları bir sıra aktual regional və beynəlxalq problemləri, o cümlədən Əfqanıstan və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də diqqət mərkəzində olacaq.
Sammitdə bütün Avrasiya üçün mühüm olan və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsi olacaq Rəşt (İran) – Astara (Azərbaycan) dəmiryolu magistralının inşası layihəsinin müzakirəsi böyük əhəmiyyət kəsb edəcək.








