RU
Elman Rüstəmov Abdulbari Gozala məxsus bankı cəzalandıracaqmı?
00:15
1518

Elman Rüstəmov Abdulbari Gozala məxsus bankı cəzalandıracaqmı?

Son vaxtlar ölkənin bank sektorunda yaşanan təlatümlər və Beynəlxalq Bankdakı rüsvayçılığın üzə çıxmasından sonra digər kommersiya banklarında da vətəndaşları şoka salan olaylar hələ də ölkə mediasının gündəmini zəbt etməkdədir.
Bankların devalvasiyadan sui - istifadə edərək müştərilərini soğan kimi soyması, bəzi bankların kəmfürsətlik edərək insanlarımızın bu sahədəki biliklərinin bəsitliyindən istifadə edərək yumurtadan yun qırxmaq niyyəti bu sahədə acınacaqlı mənzərəyə şahidlik etməyimizə səbəb olub.

Bu dəfə isə Azərbaycan Sənaye Bankı (ASB) belə demək mümkünsə, dilə - dişə düşüb.

Moderator.az - a müraciət edən bir oxucumuz "Azersun Holdinq"ə məxsus ASB - dən şikayətçidir. Onun sözlərinə görə "Gənclik" metrosu çıxışındakı "Bazar Store" supermarketində quraşdırılmış terminalda 100 ABŞ dollarını 103 manat 90 qəpiyə xırdalayıblar. Yəni Mərkəzi Bankın rəsmi məzənnəsindən aşağı. O zaman haqlı sual yaranır, görəsən, buna görə adıçəkilən bankı və ya onun valyuta mübadilə terminalına cavabdeh olan qurumu hansı cəza gözləyir?

İqtisadçı ekspert Nazim Məmmədov Moderator.az - ın sorğusuna cavabında deyir ki, qanuna görə mübadilə məntəqələri valyutanı Mərkəzi Bankın rəsmi kursundan 0.5 faiz fərq yuxarı sata bilməz, aşağı da ala bilməz. Bu zaman məsuliyyətsə lisenziyanın dayandırılması ola bilər.

Göründüyü kimi, sahibi Abdulbari Gozal olan "Azersun"un ölkənin biznes dairələrindəki mövqeyindən sui - istifadə edərək vətəndaşın cibinə girib və buna görə də Mərkəzi Bank tərəfindən cəzalanmalıdır. Görəsən, Elman Rüstəmovun belə bir səlahiyyəti varmı...?/moderator

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ