İqtisadçı Azər Mehiiyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna qarşı ağır ittihamlar irəli sürüb. O, özünün feysbuk hesabında fondu fəaliyyətsizlikdə suçlayıb:
"FB-dən oxudum ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaranmasının 7 ili tamam olur. Doğrusu, təyinatı elmi layihələrin maliyyələşdirilməsi olan Fondun 7 illik fəaliyyətinin nəticələri maraq doğurduğundan qurumun saytına daxil oldum. Qurumun bu dövr ərzində maliyyələşdirdiyi layihələrin elmi nəticələri barədə məlumatla maraqlanırdım. Saytda Fondun 2010-2015-ci illər dövründə keçirdiyi 26 qrant müsabiqəsi ilə bağlı statistik məlumatlar yerləşdirilib. Məlum olur ki, bu dövr ərzində Fond müxtəlif layihələrin maliyyələşdirilməsinə 35 milyon manatdan çox vəsait ayırıb. Orada bu layihələrlə bağlı ən müxtəlif istiqamətlərdə statistik təsnifatlar verilib (məsələn, layihələrin və vəsaitin elm sahələri, elmi müəssisələr, icra müddəti, rəhbər işçilər və sairəyə görə statistikası).

Lakin əsas məsələ, yəni bu layihərin icrası hansı yeni elmi nəticələr ortaya qoyub, hansı beynəlxalq və yerli xarakterli ixtiralar ortaya çıxıb, neçə patent alınıb və s. bu kimi suallara cavab yoxdur.
Əslində, bu, hazırda bütün dövlət qurumlarına xas olan haldır: onlar hər zaman fəaliyyətləri haqqında hesabat verirlər, yəni gördükləri işləri sadalamaqla işlərin həcmini nümayiş etdirirlər, amma bu işlərin faktiki nəticələri və cəmiyyətə faydası haqqında heç bir məlumat vermirlər. Dövlət və hökumət qurumlarının hesabatları fəaliyyətlərin sadalanması yox, nəticələrin təqdimatı əsasında qurulmalıdır.
P.S. Qurumun saytının "Elmi jurnallar" bölməsində yalnız "Rusiya Elmlər Akademiyasının Xəbərləri" jurnalı qoyulub. Bax, bunu heç başa düşmədim: məgər, Azərbaycanda heçmi elmi jurnal yoxdur?!"
12:48
***
Fodun bu ittihamlara cavabı özünü cox ləngitməyib. Qurumun mətbuat xidmətindən BakiPost.az-a daxil olan cavabda iqtisadçının ittihamlarının heç bir əsasının olmadığı vurğulanır. Həmin cavabı olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasının 7 ili tamam oldu. Fond ilk müsabiqəsini 2010-cu ilin ortalarında elan edib, bu günədək 27 müsabiqə elan edilərək keçirilib, bunlardan 2-si beynəlxalq müsabiqədir. 500-dən çox layihə maliyyələşdirilib. Fond ötən dövr ərzində elmi-tədqiqatların elmi cihaz və avadanlıq bazasının modern səviyyədə yenilənməsinə və təkmilləşdirilməsinə 17 milyon manatdan çox maliyyə vəsaiti ayırıb, mövcud laboratoriyalar yenidən qurulub və ya yeniləri yaradılıb. Hazırda bu cihaz və avadanlıqlardan uğurla istifadə olunur, elmi tədqiqatlar yerinə yetirilir, dissertasiyalar müdafiə olunur. EİF bu cihazlarda işləməyi öyrənmək üçün alimləri müvafiq xarici qurumlara təcrübəkeçməyə da göndərib, müəyyən hallarda isə öyrədici kurslar birbaşa Azərbaycanda təşkil olunub.
Hazırda EİF-in alaraq alimlərin istifadəsinə verdiyi və Yaponiya, Avropa, ABŞ və b. istehsalı olan elektron mikroskoplarda, sekvenserlərdə, spektrofotometrlərdə, ellipsometrlərdə maraqlı nəticələr alınır, xaricdə impact faktorlu, indekslənən və Elsevier, Springer və digər akademik nəşriyyatlarda məqalələr dərc olunur, beynəlxalq praktikaya uyğun olaraq Fondun qrantlarına istinad edilir. Bu isə, müntəzəm olaraq verilən elmi-texniki hesabatlarla yanaşı, nəticələri izləməyə imkan verir.
Hazırda Fondun yeni yaradılmış internet portalında bu nəticələrin ümumiləşdirilməsi üzrə işlər başlanıb və davam etdirilir: hər bir müvafiq elmi tədqiqat layihəsi üzrə məlumat yerləşdirilir, linklər verilir. Bu proses şəffaflıq naminə edilir və müntəzəm olaraq davam etdiriləcək. Digər tərəfdən, elmi işlər üzrə alınmış nəticələrin nüfuzlu jurnallarda nəşri bəzən 1 ilədək çəkə bilər (ikiqat və daha çox rəydən keçmə, redaktə işi və s.) və bu halda layihə bitdikdən sonra belə bu nəşrlər davam edir. Azərbaycanda fundamental elm üzrə layihələr ənənəvi olaraq üstünlük təşkil etdiyindən, bu cür işlər haqqında adıçəkilən sanballı məqalələr vasitəsilə fikir yürütmək nisbətən asan olur. Digər tərəfdən, bu məqalələrə olan istinadlar da mühüm rol oynayır – Fond bu cür məlumatları əldə edərək internet resurslarında yerləşdirmək işini artıq başlayıb. Təbiidir ki, böyük və sırf elmi dildə yazılmış hesabatları tam olaraq internet resurslarında yerləşdirmək o qədər də məqsədəmüvafiq deyil, lakin Fond yeni internet resursunda kompakt, lakin dolğun məlumatı yerləşdirə bilmək üçün layihə rəhbərlərinə müraciət etməyi planlaşdırıb. Hesab edirik ki, nəşrlər üzrə informasiya ilə yanaşı, nisbətən ətraflı və anlaşıqlı (elmi-kütləvi formaya yaxın) məlumat ictimaiyyət üçün mənbə rolunu oynaya bilər.
Fond son zamanlar miltidissiplinar xarakterli (müxtəlif elm sahələrinin kəsişməsində olan), tətbiqi yönümlü elmi tədqiqatların maliyyələşdirilməsinə üstünlük verir. Bir qayda olaraq hər müsabiqə üçün öncül istiqamətlər müəyyənləşdirilir və qalib layihələrin seçimində bir sıra proqressiv meyarlar nəzərə alınır.
Fond alimlərə stimullaşdırıcı əlavə əməkhaqqı verir, elmi qurumlara ezamiyyətlər baş tutur, alimlər üçün elmi cihazlarla yanaşı, İKT avadanlıqları da alınır. Nəşrlər (kitab, monoqrafiya, atlas, kataloq) maliyyələşdirilir, alimlərin xarici konfranslarda iştirakı, Azərbaycanda beynəlxalq konfransların keçirilməsi maliyyələşdirilir.
Fond gənc alimlərə (35 yaşadək) xüsusi diqqət yetirir: indiyədək gənc alimlərə yönəlik 3 qrant müsabiqəsi təşkil edilərək keçirilib, 4-cü müsabiqə isə yaxınlarda elan ediləcək.
Fondun Universitet, Sənaye, Şuşa, İKT və başqa qrantları ən müxtəlif elmi istiqamətlər üzrə tədqiqatları məqsədyönlü şəkildə müsabiqələr yolu ilə dəstəkləməyə xidmət edir.
Fond "Elektron hökumət" prinsipləri əsas götürülməklə, müsabiqələrdə və ekspertiza işində iştirakı ən müasir səviyyədə qurmaq üçün "e-Qrant" (Qrant layihələrinin elektron idarəolunması sistemini) yaxın günlərdə tam istifadəyə verəcəkdir. Bu, subyektiv faktorların təsirindən qaçmağa, kağız dövriyyəsini minimuma endirməyə, operativliyə, effektiv əks-əlaqəyə hesablanmış bir addımdır və hesab edirik ki, qrant iddiaçıları bunu dəyərincə qiymətləndirəcəklər.
Fondun internet səhifəsində bir sıra faydalı linklər də nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, kamil bir internet səhifəsinin yaradılması vaxt və səylər tələb edən məsələdir. Ən azsaylı kollektivə malik olan Fond bu işin öhdəsindən gəlmək üçün səylərini göstərir. Eyni zamanda Fond, çatışmazlıqlar olduğu təqdirdə onları aradan qaldırmağı da operativ şəkildə həyata keçirməyə hazırdır və bu məsələdə ictimaiyyətin, mütəxəssislərin rəylərinə, təkliflərinə, irad və tənqidinə tam səmimi münasibət göstərir, irəlicədən minnətdarlığını bildirir. Fond, həmçinin, layihələr, onlar üzrə alınmış nəticələrlə tanışlıq məqsədi ilə bilavasitə qrant layihələrinin yerinə yetirildiyi qurumlarda ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə "Açıq qapı” günlərinin keçirilməsinə hazırdır və təkliflər gözləyir./bakipost.az
7NEWS.az