"Bir də görürsən ki, müvafiq icra hakimiyyəti orqanları bir-biri ilə məsləhətləşmədən, ərazidə nəqliyyatın sıxlığını və yolun enini nəzərə almadan park yeri müəyyən edir. Bu da sonradan şəhərdə sıxlığa səbəb olmaqla həm sakinlər üçün narahatlıq yaradır, həm də müvafiq orqanların öz arasında ziddiyyət yaradır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Elmira Axundova bildirib.
Deputat avtomobillərin parklanma məsələsinin Bakı şəhərinin nəqliyyat sistemində ciddi problem yaratdığını söyləyib:
"Qanunsuz parklanma yerlərinin mövcudluğu, hətta münasib olmayan yerlərdə parkomatlar quraşdıraraq park yerlərinin açılması Bakı şəhərində nəqliyyatın hərəkətini iflic vəziyyətinə salır, tıxaclara səbəb olur. Bu baxımdan "Yol hərəkəti” haqqında qanuna əlavə olunması təklif edilən 53-cü maddənin I, II və III maddələri mühüm əhəmiyyət kəsb edir. Digər problem isə yol kənarındakı park yerlərində nəqliyyat vasitələrinin yola paralel, yaxud perpendikulyar şəkildə saxlanmalı olmasının dəqiq göstərilməməsidir. Buna görə park yerləri xətlərlə müəyyən olunmalıdır”.
E.Axundova qeyd edib ki, təklif edilən 53-cü maddənin XXIV bəndində bu məsələ əks olunub:
"Parklanma yerlərinin 3 faizinin əlillər üçün ayrılması isə yeni bir mədəniyyətin başlanğıcıdır. Doğrudur Bakıda çox az sayda oteldə bu cür yerlərə rast gəlmək olur, amma ümumilikdə park yerlərinin çoxunda əlillər üçün park yerləri müəyyən olunmayıb. Odur ki, 53-cü maddənin X bəndi mühüm əhəmiyyət kəsb edir. Mən inanıram ki, bu təkliflər Bakıda sıxlıqla bağlı bir çox problemi aradan qaldıracaq. Amma dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin aparılması, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunması kimi geniş funksiyalara malik parkomatların alınması, ölkəyə gətirilməsi çox böyük maliyyə vəsaiti tələb edəcək. Sadəcə mən bilmək istərdim ki, çətin maliyyə dövründə bu qədər vəsaitin xərclənməsinə ehtiyac varmı? Məncə, biz o parkomatların gətirilməsini bir neçə il sonraya təxirə salaq, XIII maddəni hələlik dayandıraq!”.
7News.az








